“Bizə sosial şəbəkədə “bəyənilən” müəllim yox, “faydalı” müəllim lazımdır”- Təhsil ekspertibackend

“Bizə sosial şəbəkədə “bəyənilən” müəllim yox, “faydalı” müəllim lazımdır”- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkələr artıq müəllimlərin həyatında yalnız şəxsi seçim deyil, peşəkar fəaliyyətin tərkib hissəsinə çevrilib. Müəllim təkcə sinif otağında yox, cəmiyyətdə də nüfuz daşıyıcısıdır və onun sosial platformalarda davranışı, paylaşdığı məzmun, yazdığı şərhlər, hətta şəkil və video paylaşımları onun müəllimlik kimliyinin bir parçası kimi qəbul olunur. Bu baxımdan sosial medianın cəmiyyətin bütün təbəqələrinə təsir etdiyi bir dövrdə müəllimlərin həmin platformalarda hansı niyyət və məqsədlə aktiv olduqları təkcə fərdi məsələ deyil, ictimai əhəmiyyət daşıyan bir məsələdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdən istifadə edən bir çox müəllimlərin profillərinə baxdıqda, peşəkar fəaliyyətlə bağlı demək olar ki, heç bir izə rast gəlinmir:

“Bunun əvəzində musiqili trend videolar, səhnələşdirilmiş və ya estetikasına görə öndə olan şəxsi görüntülər, ümumi həyat tərzi ilə bağlı paylaşımlar üstünlük təşkil edir. Əlbəttə ki, müəllimin şəxsi həyatı və şəxsi zövqləri onun hüququdur. Lakin bu hüquq ictimai məsuliyyətdən azad olunma anlamına gəlmir. Xüsusilə məktəblilər və valideynlər üçün müəllim nümunə modelidir və sosial şəbəkədəki davranış da bu modelin bir uzantısıdır.

Müəllimlərin sosial mediadan peşəkar şəkildə istifadə etməsi həm də onların pedaqoji nüfuzunu artırır. Araşdırmalar göstərir ki, müəllimin sosial mediada tədris resursları paylaşması, təhsil müzakirələrində iştirak etməsi, öz metodlarını və təcrübələrini paylaşması onun həm şagirdlər, həm valideynlər, həm də digər müəllimlər arasında etibarını artırır. Məsələn, Finlandiya və Kanada kimi ölkələrdə müəllimlər Twitter, YouTube və LinkedIn platformalarında fənnə dair qısa video dərslər, maraqlı təlim metodları və təhsildə yenilikləri paylaşmaqla həm ictimai nüfuzlarını gücləndirir, həm də peşəkar inkişaf mühiti yaradırlar”.

K.Əsədov sosial media etikası məsələsinə də toxunub:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş “Müəllimlərin etik davranış qaydaları” sənədində göstərilir ki, müəllim öz fəaliyyətində cəmiyyətə nümunə olmalı, təhsilalanların psixoloji və mənəvi inkişafına zərər verə biləcək davranışlardan çəkinməlidir. Bu yalnız məktəbdə deyil, bütün ictimai fəaliyyət sahələrinə, o cümlədən sosial şəbəkəyə də şamil edilir. Təəssüf ki, bəzi hallarda müəllim statuslu şəxslərin sosial şəbəkədə qeyri-etik ifadələrlə şərhlər yazması, şagirdləri təhqir etməsi, yaxud öz peşəsinə uyğun olmayan məzmun paylaşması bu prinsiplərə ziddir və ümumi müəllim imicinə xələl gətirir.

Bununla yanaşı, sosial media müəllim üçün güclü maarifləndirmə və təşviq vasitəsidir. Onun vasitəsilə müəllimlər həm öz təşəbbüslərini nümayiş etdirə, həm də ictimai məsələlərlə bağlı mövqeyini bildirə bilərlər. Bu, xüsusilə regionlarda çalışan müəllimlər üçün tanınmaq, nüfuz qazanmaq və təşəbbüskar olmaq baxımından mühüm bir fürsətdir. Əgər bu imkan düzgün istifadə olunarsa, sosial şəbəkə təhsilin keyfiyyətinə də dolayısı ilə təsir edə bilər. Amma bu, yalnız niyyət peşəkar olduqda mümkündür.

Sosial mediada mövcud olan “tanınmaq” arzusu bəzən peşəkar məzmunun arxa plana keçməsinə səbəb olur. Müəllimlik isə bir sənət olmaqla yanaşı, mənəvi məsuliyyət daşıyan peşədir. Ona görə də müəllimin hər bir paylaşımı yalnız öz şəxsi zövqünə deyil, daşıdığı sosial funksiyaya da cavab verməlidir. Əks halda müəllim nümunə olmaqdan çıxar, izlənilən olsa da, hörmət edilən şəxsiyyət statusunu itirə bilər”.

“Sonda qeyd etmək lazımdır ki, bizə sosial şəbəkədə “bəyənilən” müəllim yox, “faydalı” müəllim lazımdır. Sosial media aləti məqsədə çevrilməməli, vasitə olaraq qalmalıdır. Əgər müəllim bu vasitəni doğru məqsədlə yönləndirərsə, bu həm onun şəxsi inkişafına, həm də cəmiyyətin təhsil səviyyəsinə müsbət təsir edəcək. Bunun üçün isə maarifləndirmə, təlimlər və etik kodeksin tətbiqi ilə bağlı daha sistemli işlər aparılmalıdır”,- deyə təhsil eksperti bildirib.

//Gülnarə Abasova, Editor.az