Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan Respublikasının prezident İlham Əliyev arasında telefon danışığı baş tutub. Müzakirəyə çıxarılan məsələ isə Laçın-Xankəndi yolunda ölkəmizin nəzarət-buraxılış mənətəqəsinin fəaliyyət göstərməsidir. Belə ki, E.Blinken bu addımı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olacağından “narahatdır”.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və Qərbin Ermənistanın maraqlarına zidd olan hər şeydən narahat olmaq “vərdişləri” mövcuddur:

“ABŞ-ın dövlət katibi Entoni Blinkenin “narahatlığı” da həmin “vərdişlər”in sırasına daxildir. Halbuki, narahatlıq üçün heç bir ciddi səbəb yoxdur. Məsələ ondadır ki, Xankəndi və ətraf bölgə də, Laçın yolu da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də, Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycanın suveren hüquqları sırasına daxildir. Əslində, Ermənistanın və erməni separatçı-terrorçuların Laçın yolundan nəzarətsiz istifadə etməsi beynəlxalq hüquq normalarına zidd idi. Rəsmi Bakı bu ziddiyyəti aradan qaldırdı, beynəlxalq hüquq normalarına uyğun olaraq, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırdı. Ona görə də, rəsmi Bakının bu addımının Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına əngəl törətdiyinin iddia olunması da tamamilə məntiqsiz və absurddur. Çünki Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmazdan öncə də rəsmi İrəvan sülh sazişinin imzalanmasından yayınırdı. İndiyə qədər sülh danışıqları məhz Ermənistanın günahı ucbatından dalana dirənib “.
Politoloqun fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında Laçın yolunun heç bir təsiri ola bilməz: “Laçın yolu Azərbaycan ərazisidir və danışıqlar prosesinin predmeti deyil. Rəsmi İrəvan və onun beynəlxalq himayədarlarının, o cümlədən də, ABŞ-ın Laçın yolu ilə bağlı mövzunu gündəmə gətirmələri Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Və rəsmi Bakı haqlı olaraq, buna imkan vermək niyyətində deyil. Nəhayət, Laçın yolu fəaliyyət göstərir. Laçın yolu mülki şəxslər və humanitar yüklər üçün açıqdır. Ancaq Ermənistan və erməni separatçı-terrorçular hələ də əvvəlki kimi, Laçın yolu ilə Azərbaycan ərazilərinə silah-sursat və hərbi ləvazimat daşımaq istəyirlərsə, bu, artıq mümkün olmayacaq. Yəni, ABŞ və Qərb nə istəyirsə, “narahat” ola bilər. Bu, heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan öz ərazində erməni terrorizmi ilə mübarizəni davam etdirəcək. Bu məsələdə Ermənistanın və onun beynəlxalq himayədarlarının mövqeyi əhəmiyyət daşımır “.
Məsələyə münasibət bildirən AĞ Partiya başqanı Tural Abbaslı Editor.az açıqlamasında qeyd etdi ki, Laçın yoluna nəzarət Azərbaycanın legitim hüququdur:

“İstənilən dövlət öz ərazisinə daxil olan şəxslərin yoxlanılması prosesini həyata keçirir. Bu, dünyanın hər yerində belədir. Bunu problem kimi dəyərləndirən Blinken Meksika ilə Amerika arasında niyə “divar hörür”? ABŞ-ın “narahatlığı” bizə təsir etmir. Azərbaycanın qarşısında müəyyən öhdəliklər var, hansı ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı təmin edilməlidir. Biz öz ərazilərimizə nəzarət edirik deyə Ermənistan sülh müqaviləsindən yayınacaqsa, onlar üçün təhlükə yaranacaq. Amerika, Fransa bu məsələdə erməni lobbisinin yanındadır. Azərbaycan dövləti öz vətəndaşlarının, dövlətçiliyinin maraqlarına uyğun addım atmalıdır. Düşünürəm ki, bir müddət sonra Qarabağda qeydiyyatda olmayan ermənilər belə Azərbaycan ərazilərinə buraxılmamalıdır “.
//Safura Bənnayeva, Editor.az

