Birləşmiş Millətlər Təşkilatı 3 milyon ukraynalının evlərini tərk edərək qaçqın vəziyyətinə düşdüyünü elan edib.
Editor.az-ın “Son Dakika” a istinadən verdiyi məlumata görə, BMT Rusiyanın müdaxiləsi nəticəsində evlərini tərk etməyə məcbur olan 3 milyon qaçqından 1.4 milyonu uşaq olduğunu bildirib. Bu 3 milyon qaçqının 2 milyonu Polşaya sığınıb. Onlardan 157 min nəfəri Ukrayna vətəndaşı olmayan qaçqınlardır.
UNICEF sözçüsü Ceyms Elder hadisələrə münasibət bildirib:
“Hazırda 1,4 milyondan çox uşaq ölkəni tərk edib. Bu o deməkdir ki, Ukraynada müharibə başlayandan bəri gündə 70 min uşaq qaçqın vəziyyətinə düşüb. Ukraynadakı qaçqın böhranı İkinci Dünya Müharibəsindən bəri sürət və miqyas baxımından görünməmiş bir böhrandır. Qonşu ölkələrə keçən uşaqlar ailələrindən ayrılmaq, cinsi təcavüz və insan alveri riski ilə üz-üzədir. Bu fəlakətdən yeganə çıxış yolu bu müharibəni bitirməkdir, özü də dərhal…”
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı müharibə başlayanda Ukraynada vəziyyət gərginləşərsə, 4 milyona qədər mülki şəxs ölkəni tərk edə biləcəyi xəbərdarlığını etmişdi.
//Editor.az

