BMT: Azərbaycanın yanında olmağa davam edəcəyikbackend

BMT: Azərbaycanın yanında olmağa davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT–nin hesabatına görə, son ildə 7 minə yaxın insan mina partlayışlarından həlak olub, yaralanıb. Azərbaycanda isə son 1 il yarımda 100-dən çox belə hal qeydə alınıb.

APA xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Şəxslərin fərdi təhlükəsizliyi, icmaların təhlükəsizliyi üçün minalardan təmizlənmə vacibdir. Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evində hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik”.

Vladanka Andreeva minatəmizləmə işləri ilə məşğul olan şəxslərin təchizatının da vacib olduğunu diqqətə çatdırıb: “Bizim Azərbaycanla sıx əməkdaşlığımız var. Əsas məsələlərdən biri minaların təmizlənməsinin digər sahələrə inteqrasiyasıdır. Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ANAMA ilə əməkdaşlığın nəticələrini də açıqlayıb: “ANAMA ilə əməkdaşlığımız xüsusidir, donorların maliyyələşdirməsi nəticəsində 33 min hektar minalardan təmizlənib. İllər ərzində 160 minə yaxın insan doğma yurd-yuvasına qayıdıb. Biz 100 minlərlə insana təlimlər keçmişik, onlardan 33 minə yaxını uşaqdır.

Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində təhlükəsiz yaşasın”.