BMT Baş katibi Antonio Quterreşin yerinə namizəd axtarışına start verilibbackend

BMT Baş katibi Antonio Quterreşin yerinə namizəd axtarışına start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katib vəzifəsinə yeni namizədlərin seçilməsi prosesinə rəsmən başlayıb.

Editor.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Annalena Baerbok məlumat verib.

“Bu seçki, BMT olaraq kim olduğumuz və dünyadakı bütün insanlara həqiqətən xidmət edib-etmədiyimiz barədə güclü mesaj olacaq”, – deyə o bildirib.

Məlumata görə, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının prezidentləri üzv dövlətlərə müraciət edərək səlahiyyət müddəti 2026-cı ildə başa çatacaq hazırkı Baş katib Antonio Quterreşin yerinə namizədlər irəli sürməyi xahiş ediblər. Onlar xüsusilə qadın namizədlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb və “regional seçim prosesində müxtəlifliyin təmin edilməsinə” çağırıblar.

Bloomberg-in əvvəlki məlumatına görə, BMT-nin növbəti baş katibi təşkilat tarixində ilk qadın ola bilər. Namizədlər sırasında Yeni Zelandiyanın sabiq baş naziri Casinda Ardern, Barbadosun baş naziri Mia Mottli, BMT-nin keçmiş İnsan Haqları Komissarı Mişel Baçelet və BMT baş katibinin müavini Əminə Məhəmmədin adı çəkilir.

Qeyd edək ki, BMT Baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən seçilir. Namizədlər əvvəlcədən qiymətləndirilir və təklif olunan şəxslərin üzərinə veto qoyula bilər. Rəsmi olaraq xidmət müddətləri üçün limit olmasa da, indiyədək heç bir Baş katib iki müddətdən artıq fəaliyyət göstərməyib. Hazırda təşkilatın doqquzuncu Baş katibi olan Antonio Quterreş 2017-ci il yanvarın 1-dən bu vəzifəni icra edir.

//Gülnarə Abasova, Editor.az