BMT-dən imtina, Kremlə səfər – Paşinyanın GİZLİ PLANI nədir?backend

BMT-dən imtina, Kremlə səfər – Paşinyanın GİZLİ PLANI nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Ermənistanın xarici siyasətində müşahidə olunan ziddiyyətlər ölkənin həm regional, həm də beynəlxalq müstəvidə çətin vəziyyətə düşdüyünü göstərir. Baş nazir Nikol Paşinyanın bir tərəfdən Qərblə – xüsusilə ABŞ və Avropa İttifaqı ilə yaxınlaşması, digər tərəfdən isə Rusiyanın yaratdığı təzyiqlərdən çıxış yolu axtarması, İrəvanın balanslı siyasət yürütməkdə çətinlik çəkdiyini üzə çıxarır. Paşinyanın BMT Baş Assambleyasına qatılmaması və eyni vaxtda Moskva səfərinə üstünlük verməsi də bu siyasətin nəticəsi kimi qiymətləndirilir. Çünki Ermənistan rəhbərliyi Vaşinqtonla əldə olunan razılaşmalara baxmayaraq, Moskvanı tamamilə itirməyin daxili siyasi sabitlik və seçkilər kontekstində riskli olacağını anlayır. Analitiklər hesab edirlər ki, Paşinyan həm Rusiya ilə münasibətləri “yumşaltmaq”, həm də seçkilər öncəsi potensial təhlükələri minimuma endirmək üçün bu addımı atıb.

Siyasi analitik Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasına qatılmamasının bir neçə səbəbi ola bilər:

“Bunu onun Rusiya səfəri ilə əlaqələndirmək mümkündür. Ola bilsin ki, bu səfər əvvəlcədən planlaşdırılıb. Digər tərəfdən, Paşinyanın BMT-də çıxışı ümumiyyətlə nəzərdə tutulmamışdı. Ermənistanı orada xarici işlər naziri təmsil etdi.

Paşinyanın Moskva səfərinin əsas məqsədi Vaşinqton görüşündən sonra Rusiya ilə münasibətləri loyallaşdırmaq cəhdidir. Son vaxtlar onun anti-Rusiya ritorikasında yumşalma müşahidə olunur. Bunun bir neçə səbəbi var. Birincisi, Vaşinqtonla anlaşmaya baxmayaraq, Ermənistan regiondakı əsas oyunçular – xüsusilə İran və Rusiya ilə körpüləri tam yandırmaq istəmir. İkincisi, ölkənin hələ də Rusiyadan ciddi iqtisadi asılılığı mövcuddur.

Əsas səbəb isə Ermənistanda gözlənilən seçkilərlə bağlıdır. Paşinyan hakimiyyəti üçün ən böyük təhlükə Rusiyadan qaynaqlanır. ABŞ və Avropa dəstəyinə arxalanmasına baxmayaraq, Ermənistanda həm müxalif siyasi qüvvələr, həm kilsə, həm də oliqarxlar Moskva ilə yaxın münasibətlərə malikdirlər. Bu faktorlar seçkilərdə Paşinyan üçün ciddi maneəyə çevrilə bilər.

Odur ki, Paşinyan seçkilərə qədər Moskva ilə münasibətləri normallaşdırmağa, Putinin mövqeyini müəyyən dərəcədə nəzərə almağa çalışacaq. Moskvadakı görüş də məhz son zamanlar gərginləşən İrəvan–Moskva münasibətlərini yumşaltmaq cəhdidir. Ən mühüm məsələ isə Ermənistanın Rusiyaya zəmanət verməsidir: İrəvan ABŞ-la Zəngəzur dəhlizi mövzusunda razılaşsa belə, Moskvanın maraqlarını qorumağa çalışacağını göstərmək istəyir”.

// Gülnarə Abasova, Editor.az