“BMT-nin bu cür absurd bir təklifi dəyərləndirib müzakirəyə çıxartması özünün qəbul etdiyi nizamnaməyə ziddir. Çünki Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz suveren ərazisində hərəkət edir”.
Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyinin avqustun 16-sı, bu gün BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcəyi ilə bağlı verdiyi məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın irəli sürdüyü iddiaların heç bir hüquqi və siyasi əsası yoxdur:” Qarabağda heç bir böhran yoxdur. Azərbaycan erməni icmasına Xankəndi-Ağdam marşrutundan istifadə edərək həmin yüklərin daşınmasının həyata keçirilməsinə imkan verib. Rəsmi İrəvanın addımları manipulyativ addım kimi dəyərləndirilir, sülh prosesinin pozulmasına hesablanıb. Təkcə Ermənistan deyil, onun havadarlarının da məqsədi buna hesanlanıb. Ona görə də Ermənistanın BMT-yə çıxartdığı təklif elə yerindəcə sıradan çıxarılacaq. BMT TŞ-da Azərbaycana dost olan ölkələr var. Bunlardan Böyük Britaniya və Çini nümunə göstərə bilərik ki, rəsmi Bakı ilə münasibətləri yüksək səviyyədədir. ABŞ da danışıqlar prosesinin vasitəçilərindən biri olaraq münasibətlərin pozulmasını istəməz”.
Politoloq qeyd edir ki, BMT Azərbaycanın Qarabağda guya humanitar böhran yaratdığı ilə bağlı qərar qəbul edərsə, bu Alyansa olan etibarımızı daha da sarsıdacaq:
“Azərbaycanın Laçın nəzarət-buraxılış məntəqəsindən bu günə kimi 2500-ə qədər erməni sakininin gediş-gəlişinə şərait yaratması humanitar böhranın olmamasından xəbər verir. Azərbaycanın təkliflərinə baxmayaraq erməni icması isə hər hansı görüşün baş tutmasından imtina edib”.
//Safura Bənnayeva, Editor.az

