“BMT missiyasının Qarabağa gəlməsi əhəmiyyətlidir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov BMT missiyasının 30 ildən sonra Qarabağa gəlməsi və məqsədinin yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək olduğu ilə bağlı verilən xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı açıq-aydın təhdidlər və ittihamlarla üz-üzədir:
“Dəfələrlə qeyd etməyimizə baxmayaq bəzi dövlətlər Azərbaycanı hədəf halına gətirmək istəyir. Həmin missiya yerindəcə bu kimi halların şahidi olduqdan sonra rəsmi Bakıya qarşı yanaşmaları dəyişəcək. Biz öz məqsəd və hədəflərimizə doğru irəliləyəcəyik”.
Deputatın fikrincə, missiyanın ərazilərimizdə olması prosesi birbaşa izləmələrinə töhfə verəcək:
“Azərbaycanın heç bir yanlışı və qorxusu yoxdur. Əsas məqsədimiz bölgəyə sülhün gəlməsidir. Ermənistanın da belə bir yanaşma nümayiş etdirməsini istəyirik. BMT missiyasının bölgəyə səfəri də həmin prosesə müsbət təsir edəcək”.
//Safura Bənnayeva, Editor.az

