BMT-nin baş katibi Antonio Quterreş dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyinə diqqət çəkib.
Editor.az xəbər verir ki, o bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. BMT-nin baş katibi hesab edir ki, beynəlxalq ictimaiyyət ölkələrin ərazi bütövlüyünün pozula biləcəyini qəbul edərsə, dünyada xaos yaranacaq. O, həmçinin xatırladıb ki, dünyada kifayət qədər başqa dövlətlərə qarşı ərazi iddiaları olan ölkələr var.
BMT-nin baş katibi “Ukraynanın və istənilən digər ölkənin ərazi bütövlüyü prinsipinin təsdiqlənməsinin” vacibliyini xatırladıb, lakin bunun asan olmayacağını qeyd edib. Bundan əvvəl o, dünya ölkələrinin yeni, çoxqütblü qlobal nizam qura biləcəyinə əminliyini ifadə edib. “İnanıram ki, biz beynəlxalq münasibətlərdə liderlik, tarazlıq və ədalət üçün yeni imkanlar təqdim edən yeni, çoxqütblü qlobal nizam qura bilərik”, – deyə baş katib vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

