BMT rəsmisi Azərbaycanın nailiyyətlərini nümunəvi adlandırdı – FOTObackend

BMT rəsmisi Azərbaycanın nailiyyətlərini nümunəvi adlandırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 15-də XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

COP29 ilə bağlı hazırlıq işlərindən bəhs edən nazir ölkəmizin COP29 sədrliyinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində müxtəlif tərəflərlə substantiv danışıqlar prosesini apardığını, eyni zamanda, zəruri təşkilati tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən Ceyhun Bayramov Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtina etməsinin vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.

Axim Ştayner Azərbaycanın inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin nümunəvi olduğunu qeyd edib. BMT İnkişaf Proqramı tərəfindən mina təhlükəsinə qarşı mübarizəyə, o cümlədən bu istiqamətdə təşəbbüslərin müzakirəsinə əhəmiyyət verildiyi bildirilib.

Daha çox karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan tərəfindən COP29-un sədri qismində nümayiş olunan mövqe və yanaşmanın təqdirəlayiq olduğu bildirilib, bu istiqamətdə uğurlu sədrlik fəaliyyəti arzu edilib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.