Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi.
Maraqlıdır, bu, BNA-nın fəaliyyəti ilə bağlı kəskin tənqidlərin və narazılıqların nəticəsidirmi?
Milli Məclisin deputatı Fazil Mustafa Editor.az-a açıqlamasında bildirib ki, Bakı Nəqliyyat Agentliyi ayrıca bir layihə kimi özünü doğrultmadı:
” BNA ancaq cərimələr tətbiq etmək, problem yaratmaqla məşğul idi. Bəli, ola bilər ki, kəskin tənqidlərdən sonra bir sıra məsələlərdə yeniliklər gətirməyə çalışdılar, amma görünən odur ki heç bir işə yaramadı. Şəhər nəqliyyat idarə etməsi xaosa dönüşdü. İndi isə bu məsələdə konkret olaraq Bakı Şəhər İcra Hakimiyyəti böyük bir məsuliyyət daşıyacaq. Lakin gələcəkdə bələdiyyə qurumları yaratmaq və BNA-nın həmin qurumların tabeliyinə vermək daha məqsədə uyğundur. Çünki bu məsələdə nəzarət mexanizmi doğru qurulmadıqda problemlər çox olur. Prezidentin bu fərmanı Milli Məclisdə bizim son çıxışlarımızın, tənqidlərimizin də nəticəsidir. Hesab edirəm ki, cənab Prezident bu çağırışları da diqqətə alaraq belə bir addım atdı. Agentliyin rəhbərliyinə işinin öhdəsindən daha məsuliyyətli gələcək adam lazımdır. Cəriməni artırıb vətəndaşdan pul qopartmaqla problemlər həll olunmaz. Biz tənqid edirdik, lakin sağlam tənqidi qəbul etmirdilər, bizə qarşı hörmətsiz münasibət bəsləyirdilər. Sevindirici haldır ki, indi mərkəzləşmiş qaydada məsuliyyət daşıyan bir qurum bu problemlərin həlli üçün işə düşəcək”.
//Gülnarə Abasova, Editor.az

