BNA-ın inanılmaz fırıldağı – Gediş haqqını 10 yox, 20 qəpik artırdıbackend

BNA-ın inanılmaz fırıldağı – Gediş haqqını 10 yox, 20 qəpik artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi ictimai nəqliyyatda gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Qərar əsasında şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif, məsafədən asılı olaraq 40 qəpik-1 manat olaraq müəyyən edilib. Qiymət artımı daha çox qəsəbələrarası marşrut xətlərinə təsir edib. Şəhərətrafı avtobuslarda gediş haqqının məsafəyə uyğun tənzimlənmədiyi haqqında bir qrup sərnişin tərəfindən redaksiyamıza şikayətlər daxil olub.

Məsələn, metronun “Koroğlu” stansiyasından Binə qəsəbəsinə gedən 160 saylı avtobusda gediş haqqı məsafəyə görə ödənilməlidir. “Koroğlu”dan Binəyə qədər bu məbləğ 60 qəpikdir. Amma qəsəbədaxili ərazilərdə 40 qəpik olmalıdır. Ancaq həmin xətdə kart sistemi tətbiq edildiyi üçün sərnişin bir dayanacaq məsafəyə görə də tam ödəniş etməli olur. Necə deyərlər, BNA fürsətdən maksimum yararlanır, gediş haqqını 10 yox, 20 qəpik artırır.

Daha bir misal: Köhnə Suraxanı qəsəbəsindən metronun “Həzi Aslanov” stansiyasına gedən 104-saylı xətdə bahalaşamdan əvvəl gediş haqqı məsafədən asılı olmayaraq 30 qəpik olub. İndi isə bu xətdə işləyən avtobuslara belə elan asılıb: Köhnə Suraxanı – Həzi Aslanov – gediş haqqı 50 qəpik. Nazirlər Kabineti 2020-ci ilə dair hesabatında “mütərəqqi beynəlxalq təcrübə”ni nəzərə alaraq avtobus və metroda sərnişinlərin gedəcəyi məsafəyə uyğun gediş haqqını ödəyəcəkləri ilə bağlı mexanizm hazırlamışdı. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək. Amma bu mexanizm işləmir və yenə də artıq xərcə düşən sadə vətəndaş olur.

Mövzu ilə bağlı Publika.az– danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, Tarif Şurası qərar qəbul etdikdə texniki parametrləri nəzərə almalı idi.

“Tarif Şurasının sonuncu qərarında şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqı məsafəyə görə tənzimlənir. Belə ki, 15 km-ə qədər məsafəyə görə 40 qəpik ödənilir, ondan yuxarı olduqda isə qiymətlər artır. Eyni zamanda qərarı icra edən, bu işlə məşğul olan dövlət qurumları da zəhmət çəkib elə proqlamlaşdırmalı idilər ki, ödənişi məsafəyə uyğun tənzimləmək olsun”.

Ə.Hüseynovun sözlərinə görə, sözügedən problemin həll olunmasının müxtəlif üsulları mövcuddur: “Həmin avtobusların yalnız girişində deyil, həm də çıxışında kartı yaxınlaşdırıb oxutma sistemi olmalıdır. Və o sistem dəqiq müəyyən edəcək ki, sərnişin marşrutda nə qədər yol qət edib. Bu, çox sadə üsuldur və dünyanın hər yerində tətbiq olunur. Bizdə hər şey gecikdiyi üçün hələlik bundan istifadə edilmir. Reallıq budur ki, Bakıda kart sistemi hələ də avtobusların yarısına tətbiq olunmayıb. Hətta işləyən sistem də standartlara cavab vermir. Bu istiqamətdə az işlər görülür, amma artıq ictimai nəqliyyatın bütün problemlərini həll etmək lazımdır, o cümlədən ödəniş məsələlərini”.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin də mövqeyini öyrəndik. Agentliyin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirdi ki, nağdsız ödəniş sistemi tətbiq edilən avtobuslarda ödəniş avadanlıqlarda yalnız vahid tarif qəbuletmə imkanı olduğu üçün müxtəlif tariflərin tətbiqi mümkün deyil.

Zəruri qeyd: Amma qiymət artımı olanda, BNA onu belə əsaslandırır: Daha keyfiyyətli xidmət göstərəcəyik. Belə çıxır ki, bu qurumun nağdsız ödəniş sistemi vətəndaşın hüququnu pozmağa xidmət edir. Göz görə-görə, vətəndaşdan 40 qəpik əvəzinə 60 qəpik alırlar. Elə isə sual yaranır: BNA-ın vətəndaşların cibindən çıxartdığı bu vəsait kimin cibinə gedir?

publika.az