Bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb-Politoloqbackend

Bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında əksini tapan məsələlər və məqamlar bir sıra reallıqların üzərinə növbəti dəfə işıq salır. Bir daha məlum olur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dünya siyasətinin güc mərkəzləri, eləcə də ayrı-ayrı ölkələr Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, eyni zamanda, ölkəmizlə müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələr və güclü tərəfdaşlıq yüksək qiymətləndirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan Cənubi Qafqazda yeni və unikal əməkdaşlıq imkanları formalaşdırıb. Bununla yanaşı, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə töhfələri qlobal əhəmiyyətə malik strateji faktor kimi dəyərləndirilir: “Bəhs olunan məktubların geostrateji mahiyyətinə nəzər saldıqda bir daha bu qənaətə gəlmək olur ki, yeni şəraitdə ölkəmizin təşəbbüsü və liderliyi ilə transmilli layihələrin reallaşdırılması, yeni əməkdaşlıq platformalarının yaradılması beynəlxalq siyasi və iqtisadi münasibətlərin dinamik inkişafı üçün strateji zəmin formalaşdırır və perspektivlər açır. Eyni zamanda, müxtəlif ölkələrin Azərbaycanla münasibətlərə verdikləri önəm və əməkdaşlığı inkişaf etdirmək istəkləri gələcəkdə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən qarşılıqlı faydalı əlaqələrin yüksələn xətt üzrə inkişafına real zəmin yaradır”.

Gülnarə Abasova, Editor.az