Bölgədə sərhəd gərginliyi: Körfəz ölkələri təhlükəli addıma hazırlanır?backend

Bölgədə sərhəd gərginliyi: Körfəz ölkələri təhlükəli addıma hazırlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Yaxın və Orta Şərqdə gərginlik artmaqda davam edir. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin İrana qarşı birləşərək açıq hərbi əməliyyatlara başlaması potensial olaraq bölgədə böyük miqyaslı və qeyri-müəyyən nəticələr doğura bilər. Lakin bu proses hələlik çox mürəkkəb və qeyri-müəyyəndir, və ehtimal olunur ki, yaxın vaxtlarda açıq müharibə perspektivi reallığa çevrilməyəcək.

Siyasi şərhçi Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, hazırda Körfəz ölkələrinin İrana qarşı birbaşa müharibəyə qoşulması ən qorxunc ssenarilərdən biridir:

“Bəziləri bunun tezliklə baş verəcəyini deyir, bəziləri isə yaxın perspektivdə ehtimal vermir. Mənim fikrimcə, Körfəz ölkələrinin İrana qarşı açıq hərbi əməliyyata başlaması bölgədə yeni, qanlı və sonu görünməyən münaqişələrə yol açacaq. Ən ciddi təhlükə ondan ibarətdir ki, əksəriyyət sünni təriqətinə mənsub ölkələrdir, İran isə şiə cəmiyyətidir. Bu isə İslam dünyasında sünni-şiə qarşıdurmalarının yenidən qızışmasına səbəb ola bilər.

Lakin Körfəz ölkələrinin vahid şəkildə hərəkət edəcəyi perspektivi hələlik qeyri-müəyyəndir. Hər bir ölkənin xarici siyasət strategiyası fərqlidir. Məsələn, Qətər Türkiyə ilə yaxın əməkdaşlıq edir, Səudiyyə Pakistanla koordinasiyanı üstün tutur, Oman isə Britaniya ilə əməkdaşlığa meyllidir. Belə vəziyyətdə bütün Körfəz ölkələrinin eyni platforma üzərində birləşməsi və İrana qarşı müharibəyə başlamağı çox çətin görünür.

Əgər belə bir müharibə baş verərsə, Pakistan, Türkiyə, Britaniya və hətta Fransa kimi ölkələrin də müəyyən dərəcədə aktiv rol oynaması zərurəti yarana bilər. Lakin indiki şəraitdə Körfəz ölkələrinin açıq hərbi əməliyyata başlaması yaxın perspektivdə real görünmür. Bu daha çox İran-ABŞ-İsrail qarşıdurmasının gedişindən asılı olacaq. Hazırkı vəziyyətdə Amerika və İsrail cəbhəsində ciddi çatlar mövcuddur, Avropa və NATO Amerikanı və İsraili tam dəstəkləmir. Bu səbəbdən İranla Körfəz ölkələrinin qarşıdurmasının yaxın vaxtlarda genişlənməsi ehtimalı aşağıdır.

Beləliklə, Körfəz ölkələrinin hələlik təmkinli davranması və açıq müharibəyə girməməsi proqnozlaşdırılır”.

//Gülnarə Abasova, Editor.az