Bölgədə toqquşma ehtimalı artır: “Rusiya Azərbaycanla Ermənistanı…“backend

Bölgədə toqquşma ehtimalı artır: “Rusiya Azərbaycanla Ermənistanı…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabrdan bu yana ilk dəfədir ki, atəşkəsin intensiv pozulması barədə xəbərlər yayılır”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlilik nümayiş etdirilib və cavab atəşi açılmayıb:

“Azərbaycan Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir ki, Zəngəzur istiqamətindən dövlət sərhədində təxribatlar törədilib. Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Açıqlamada o da vurğulanıb ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, açıqlamada Ermənistanın bir başqa təxribatına da toxunulub:

“Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Ermənistan Müdafiə Nazirlyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur. Bunun əvəzinə Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini  və Əsgəranın iki kəndini atəşə tutub və guya bunun nəticəsində Xankəndidə hansısa evin damına zərər dəyib.

Beləliklə, bölgədə yenidən toqquşma ehtimalı artır”.

Elxan Şahinoğlu hesab edir ki, Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir:

“Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verirlər. Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb. Rusiya ilə bağlı səslənən suallarımız bunlardır: “İsgəndər-M” raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı “hərbi parad”ın məqsədi nədir? Erməni separatçılarının lideri Araik Arutunyan növbəti dəfə Moskvaya niyə çağrılıb?”.

Bu suallar cavablandırılmadığı kimi təxribatların sayı da artır. Biz həm təxribatlara layiq cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq”.

Politoloqun sözlərinə görə, “Bizdən xahiş etdilər” ifadəsi ilə cəmiyyəti sakitləşdirmək çətindir:

“Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar”.

Loading...