Bölgədə vəziyyət getdikcə gərginləşir: Ermənistan nə etmək istəyir?-MÜSAHİBƏbackend

Bölgədə vəziyyət getdikcə gərginləşir: Ermənistan nə etmək istəyir?-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində və Qarabağda ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Bölgədə vəziyyət getdikcə gərginləşir.

Maraqlıdır proseslərin yenidən gərginləşməsi nədən xəbər verir?

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Editor.az-ın suallarını cavablandırıb.

-Asif bəy son günlər Ermənistanın   təxribatçı addımları yenidən intensivləşib. Hərkəsin  sülh gözlədiyi bir vaxtda  vəziyyətin gərginləşməsinə səbəb nədir? Ermənistan nə etmək istəyir?

-Noyabrın ilk on günlüyündə üçtərəfli görüşün baş tutacağı ilə bağlı məlumatlar yayılmışdı.  Eyni zamanda, Nikol Paşinyan hakimiyyəti həm Türkiyəyə həm də Azərbaycanla bağlı müsbət mesajlar verirdi. Lakin birdən-birə proseslərin gərginləşməsi müəyyən anlaşılmazlıqlardan xəbər verir. Üçtərəfli görüşün əsas gündəmi  kommunikasiyaların açılması ilə bağlı məsələlərin təsdiqi olmalı idi. Eyni zamanda kommunikasiyalar açılırsa,  Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi prosesi də başlayacaqdı. Görünən odur ki, Nikol Paşinyan hakimiyyəti sərhəd məsələsində razılaşmaya getmir. Sərhədlərin delimitasiyası hansı xəritələr üzrə aparılacaqsa bu Paşinyanı qane etmir. Bilirsiz ki, Ermənistan Kəlbəcərin Söyüdlü kəndinə qədər olan hissədə delimitasiyanı qəbul etmək istəmir. Dəfələrlə beynəlxalq müşahidəçilər çağırdılar, Rusiyanı dəvət etdilər, lakin nəticə olmadı. Üçtərəfli görüşdən imtina edən Paşinyan vəziyyəti yenidən gərginləşdirdi.   Sərhəddə və Qarabağda proseslərin gərginləşməsi gözlənilən idi. Ötən gün Ermənistanın Qarabağda törətdiyi terror aktı gərginliyi Azərbaycanın daxilinə köçürmək  və bundan masada istifadə etməyə hesablanmışdı. Ermənistan tərəfi Azərbaycan postları arasında əlaqəni kəsərək yeni mövqe əldə etmək istəyir. Bütün bunların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Lakin Ermənistan hələ də sərhəddə təxribatlara davam edir. Məqsəd üçtərəfli görüşə qədər sərhəddə mövqelər əldə etməkdir. Paşinyan yaxşı bilir ki, gec-tez bu görüş baş tutacaq. Ona qədər əlini gücləndirməyə çalışır”.

– Maraqlıdır, Ermənistan hansı hadisədən sonra birdən-birə aqressivləşdi? Bunun arxasında hansı məqamlar dayanır?

– Bilirsiz ki, bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini  Qafqaz respublikalarına səfəri çərçivəsində Ermənistana, daha sonra Azərbaycana gəldi. Düşünürəm ki bu, ABŞ-ın regionla bağlı yeni strategiyasına hazırlıqdır. Səfərin məqsədi bölgədəki vəziyyəti öyrənmək, yeni strategiya tətbiq etməkdir. Amerikanın bölgəyə gəlişi Paşinyana sərf edir və bundan öz maraqları üçün istifadə edir. Paşinyan Rusiyanın vasitəçiliyindən imtina etmir, etməyəcək də, sadəcə Qərbi masada alternativ kimi göstərərək Rusiyadan dəstək əldə etməyə çalışır. Bununla da Paşinyan mövcud razılaşmalara qarşı çıxdı. Düşünürəm ki, proseslərin gərginləşməsinə səbəblərdən biri budur”.

– Bakı İrəvanın hər təxribatına qarşılıq olaraq tutarlı cavab verir və Ermənistanı masaya gətirməyə məcbur edir. Proseslər bundan sonra necə cərəyan edəcək?

– Ermənistanın prosesləri dibə çəkməyi çətin məsələdir. Həm sərhəd bölgəsindəki vəziyyətə, həm də Qarabağdakı proseslərin gedişatına nəzər saldıqda görərik ki,  Ermənistanın etdiyi və edə biləcəyi bütün cəhdlərin qarşısı alınıb və alınmaqda davam edir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə hərbi, siyasi taktiki cəhətdən diktə edən tərəfdir.  Ötən gün   Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində təxribat törətməyə cəhd göstərdi və cavabını aldı. 60-a yaxın erməni hərbçisi mühasirəyə alındı, Rusiya tərəfinin xahişini nəzərə alaraq geri buraxıldı. Bu, Ermənistanın ova gedərkən ovlanmağı idi. Ermənistanın edə biləcəyi yalnız budur . Bundan artıq heçnə edə bilməz. Bu cür hadisələr baş verdikcə daha da çətin vəziyyətə düşürlər. Hər atdıqları təxribatçı addım onların əleyhinə işləyir. Azərbaycan tərəfinin Gorus-Qafan yolundan sonra  Qafan-Çakaten yoluna da gömrük məntəqəsi yaratması Ermənistan üçün ciddi  problem olacaq. Bu, Azərbaycanın rıçaqlarını işə salmasıdır.  Həm də bu Qarabağda erməni terroruna verilən cavabdır. Çünki Ermənistanın hədəflərindən biri də gərginliyi Azərbaycanın daxilinə çəkməkdir. Buna cavab  olaraq Azərbaycan post qurmaqla gərginliyi Ermənistanın daxilinə çəkməyə çalışır. Ermənistan mətbuatının gündəmini zəbt edən məsələ Gorus-Qafan və Çakaten-Qafan yolunda quraşdırılan gömrük məntəqələrinin müzakirəsidir. Ermənistan tərəfi prosesləri nə qədər dibə çəkməyə çalışsa belə  bu istəyinə nail  ola bilməyəcək. Sərhəddə və Qarabağda müəyyən toqquşmalar ola bilər buna cəhd edilə bilər, lakin edə biləcəkləri yalnız budur. Azərbaycanın həm sərhəddə, həm də Qarabağda siyasi,  hərbi strateji üstünlüyə malik olması  bu cür təxribatların qarşısını alır. Azərbaycanın son addımları onu göstərir ki,  Ermənistan hər təxribatçı əməlininin cavabını artıqlamasıyla alır və alacaq”.

– Rusiya Qarabağda baş verən proseslərin harasında yer alır? Niyə Ermənistana təzyiq göstərilmir?

Ermənistan tərəfindən Qarabağda törədilən terror aktı bir çox tərəfdən təhlil edildi. Nəzərə almaq lazımdır ki, Ermənistan tarix boyu terroru mübarizənin əsas vasitəsi hesab edib. Ermənilər həmişə çətin vəziyyətə düşəndə terrora əl atırlar. Son terror hadisəsi göstərir ki, bu cür risklər var. Erməni faşistləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qarşı terror törədə bilərlər, o cümlədən Qarabağda da… Bu risklər istisna deyil.  Nəticə Rusiyanın proseslərə müdaxiləsindən asılıdır. Fikrimcə Rusiya tezliklə öz vasitəçiliyini edəcək. Rusiyanın maraqlarına xidmət edən məsələlərdən biri regionda kommunikasiyaların açılmasıdır. Bu məsələlərdə Rusiya və Azərbaycanın gündəliyi eynidir.  Rusiya və Türkiyənin bölgədəki anlaşmasına uyğun olaraq konkret olaraq kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiya və demakrasiya məsələsi həll edilməlidir. Ermənistan çox da irəli gedə bilməyəcək. Onların atdığı addımların heç bir nəticə verməməsi də Paşinyan hakimiyyətinə sərf edir. Paşinyan Ermənistan cəmiyyətinə göstərməyə çalışır ki,  mən əlimdən gələni etdim alınmadı, yeganə çıxış yolu masaya getməkdir. Bu proseslərin gedişatı da budur. Ermənistan daxilində vəziyyət çox pisdir. Başqa yolları yoxdur. Fikrimcə Nikol Paşinyan da bunu erməni cəmiyyətinə bu yolla başa salmağa çalışır. Ermənistanı düşdüyü böhrandan çıxarmağın yeganə yolu sülhə getməkdir”.

//Gülnarə Abasova, Editor.az