Bolqarıstanda imzalanacaq qaz sazişi Azərbaycana nə vəd edir?-ŞƏRHbackend

Bolqarıstanda imzalanacaq qaz sazişi Azərbaycana nə vəd edir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın qaz hasilat həcmləri artmaqda davam edir. Eyni zamanda yaradılmış infrastrukturun geniş imkanları Azərbaycanın həm Avropanın enerji təhlükəsizliyində rolunu artırır, həm də ölkəmizə əlavə gəlirlərin daxil olmasına töhfə verir”.

Bu fikirləri Editor.az-a iqtisadçı ekspert Eldəniz Əmirov aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada təbii qaz infrastrukturunun həcminin artırılmasına dair 6 ölkə, Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya arasında imzalanacaq genişmiqyaslı sazişin ölkəmizə hansı imkanları açacağını şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın 33.4 milyon ton neft, 47.2 milyard m³ isə qaz hasil etmək kimi planları var:

“Bu qazın da 24.5 milyard m³-inin məhz ixraca yönəlməsi planlaşdırılır. Ötən il qazın hasilat həcmi 46.7 milyard m³ olub və bunun 22.3 milyard m³-i ixrac edilib. Bu il isə 47.2 milyard m³ hasilat, bunun da 24.5 milyard m³-i ixracat planlaşdırılır. İxracatın həcmi ona görə daha çox artır ki, Avropa ölkələrində buna daha çox ehtiyac var. Azərbaycanın da Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə ixracını artırmaq potensialı var. Trans Adriatik Boru Xətti imkan verir ki, Yunanıstandan digər ölkələrlə olan interkonnektor vasitəsilə Azərbaycanın qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyində rolunu artırsın”.

Ekspert imzalanacaq altıtərəfli sazişin mahiyyətinə toxunub:

“Belə ki, Azərbaycan qazı Yunanıstan üzərindən  Bolqarıstana, oradan da Rumıniyaya ötürüləcək. Ordan Şimal-Qərbdə yerləşən Macarıstana, oradan da Slovakiyaya ötürüləcək. Bu saziş Şərqi Avropa ölkələrinin bilavasitə enerji təhlükəsizliyinin təmin olunması üçün çox əhəmiyyətlidir. Eyni zamanda, Türkiyə də tranzit ölkə kimi  öz gəlirlərini qazanacaq . Azərbaycan təkcə təchizatçı kimi deyil, bütün sahələrdə ən etibarlı tərəfdaş kimi özünü təsdiqlədiyi üçün Avropa ölkələri ölkəmizlə münasibətlərə çox əhəmiyyət verir.  Bilirlər ki, Azərbaycanla qurulan münasibətlər daha uzunmüddətli olur. Bu saziş Azərbaycana həm daxili valyuta gəlirinin, həm də strateji tərəfdaşlarının artması baxımından olduqca əhəmiyyətlidir”.

//Safura Bənnayeva, Editor.az