Boşanmaların sayı niyə ÇOXALIR?- “Gender bərabərliyi özbaşınalıq deyil”backend

Boşanmaların sayı niyə ÇOXALIR?- “Gender bərabərliyi özbaşınalıq deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Ailə, qadın cəmiyyətin güzgüsüdür və onun inkişafında böyük əhəmiyyətə malikdir. Qadınların ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabərliyi gender siyasətinin əsasını təşkil edir. Hər bir dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi dedikdə isə, istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi başa düşülür.

Ümumiyyətlə, ailə, qadın məsələləri hər zaman dövlətimizin diqqətində olub və bu diqqət bu gün də davam etməkdədir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gender siyasəti uğurla həyata keçirilir və bunun üçün hüquqi baza da mövcuddur.

Maraqlıdır, bəs bu gün cəmiyyətimizdə qadın-kişi münasibətləri hansı vəziyyətdədir? Gender bərabərliyini qorumaq üçün hansı addımlar atılmalıdır?  Ailələrin dağılması halları niyə artır?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, bu gün ailələrin dağılmasının əsas səbəbi xəyanətdir:

” Ər-arvadın bir-birini qısqanması, nəzarətdə saxlaması, zərərli vərdişlər, hətta maddi sıxıntılar da boşanmaya səbəbdir. Bu gün isə xəyanət hallarının artması boşanmaların əsasını təşkil edir. Konstitusiya qadın-kişi bərabərliyini nizamlayır. Qadının eləcə də kişinin təhsil almaq, işləmək, ailə həyatı qurmaq kimi hüquqları var.  Bununla yanaşı, bizim dini dəyərlərimiz də var və onlara hörmətlə yanaşmaq lazımdır. Bəzən xanımlar bu dini dəyərləri heçə sayaraq qadın-kişi bərabərliyindən danışırlar. Belə sual yaranır ki, qadın və kişi bərabər hüquqludursa, qadınlar niyə əsgər getmir? Dini dəyərlərə görə, qadınların əsgər getməsi düzgün deyil. Digər dövlətlərdə isə bu hal yoxdur. Bu gün dini dəyərlərə hörmət edilsə, insan öz kimliyini özü təyin etsə, gender bərabərıiyi nə axtararıq, nə də bərpa etməyə çalışarıq”.

Psixoloq qeyd edir ki, qadın və kişi ər-arvad olaraq ayrıla bilər, amma ata-ana olaraq ayrıla bilməzlər:

“ Ayrıldıqdan sonra kişi özünə yeni həyat qurur, qadın isə yeni həyat qurmaq istəyəndə kişi onu cəzalandırmaq qərarına gəlir və uşaqların gözü qarşısında öldürür. Bunu maarifləndirmək lazımdır ki, artıq o sənin həyat yoldaşın deyil. Müstəqil insandır. Boşanmamışdan əvvəl qadının problemini danışacağı bir insan var, amma boşandıqdan sonra onu cəmiyyət qınayır, daha çox təzyiqlərə məruz qalır. İnsanlar həyat yoldaşları ilə yola getməsələr də ayrılıq qərarı almaqdan qorxurlar. Buna səbəb isə cəmiyyətin qınaq obyektinə çevrilmələridir”.

G.Orucovanın fikrincə, gender bərabərliyi özbaşınalıq deyil: “Qadın və kişilərin eyni hüquqlara sahib olduqlarını göstərir. Sosial şəbəkələrdə bu mövzuda insanlara təsir edir. Hazırda boşanmalar pik həddə çatıb. Əvvəllər müəyyən müddət sonra ayrılıq qərarı verilirdisə, indi 2-3 ay içərisində ailələr dağılır. Dövlət özü də buna qadağa qoymalıdır ki, 3 il müddətində boşanma halı olmasın. Gender bərabərliyini aşağı yaşlardan qavramaq lazımdır. İnsanlar müəyyən yaşa çatdıqda onlarda nəyisə dəyişməkdə çətinlik çəkirik. Ona görə də məktəb, bağça yaşlarında qadın və kişilərin bərabər hüquqa sahib olduqlarını aşılamaq lazımdır. Bəzən isə insanlar azadlığı özbaşınalıq ilə səhv salırlar. Azadlıq istəmədiyin hansısa işi etməməyindir. Qadın hər istədiyini edə bilməz. Dövlətin konstitusiyasına, mental dəyərlərinə, dini baxışlarına hörmətlə yanaşmalıdır”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.