Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral aylarında boşanmaların sayının artması ilə bağlı məlumat yayıb.
Editor.az boşanmalara səbəb olacaq əsas amilləri araşdırıb.
Tanınmış hüquqşünas Fərhad Mehdiyev Editor.az-a açıqlamasında boşanmalara səbəb olacaq əsas amillərin maddiyyata bağlı olduğunu deyib:
“İnsanların sosial rifahı bütün dünyada aşağı düşüb və maddi vəziyyət getdikcə pisləşir. Çünki dünyada kəskin qiymət artımı müşahidə olunur. Bir çox ölkələrdə isə bu əhəmiyyətli dərəcədə hiss olunur. Belə olduqda ailələrin çox uşağa baxması çətinləşir. Buna görə də maddi sıxıntılar boşanmalara səbəb olan ən başlıca amillərdən biridir. Əgər ailədə maddi sıxıntı yoxdursa, o zaman ər və arvad arasındakı bəzi xırda problemlər çox gözə batmır. Ancaq maddi sıxıntıların üzərinə xarakter uyğunsuzluğu və ya digər problemlər də gəlirsə bu zaman artıq ailədə inam, etibar, birlikdə yaşamaq istəyi də azalır. Azərbaycanda hətta boşanmalarla birlikdə artıq ailələrdə də uşaq sayı azalıb. Hətta bəzi ekspertlər 2030-cu ildə “demoqrafik kriz”in olacağını da proqnozlaşdırırlar. Uşaq sayının azalmasının bir digər səbəbi də birbaşa boşanmalarla əlaqədardır. Çünki məlum məsələdir ki, boşanma olduqda kişi uşağa görə aliment ödəməyə məcbur qalır. Belə halda insanlar boşanmanı da gözə alaraq çox uşaq sahibi olmaq istəmirlər. Boşanmalara görə yeni ailələr bu günkü şəraitdə düzgün addım ataraq bir müddət uşaq sahibi olmağa tələsmir”.
F. Mehdiyev qeyd edib ki, boşanmaların başlıca səbəblərindən biri kimi həm də 21-ci əsrdə ənənəvi ailə modelinin, dəyərlərinin gündəmdən çıxaraq öz əhəmiyyətini itirməsidir:
“İnsanlar sosial rifahı daha çox üstün tutur.
Qadınlar daha çox işləməyə, pul qazanmağa vaxt ayırmaq istəyir. Ana daha çox uşaq sahibi olub işindən uzaqlaşmaq istəmir. Ailə bağlarını zəiflədən, boşanmalara səbəb olan başqa səbəblər də var. Məsələn, bu günbir çox insan öz xarakterinə uyğun portnyor tapmaqda çətinlik çəkmir. Buna səbəb də sosial şəbəkələr, elektron kommunikasiya vasitələridir ki, insanlar çox rahatlıqla kimləsə tanış olub itirmək qorxusu yaşamırlar. Əvvəllər ailələrdə “itirmək qorxusu” var idisə, indi bu, yoxdur. Bir çoxları düşünür ki, boşanıb özünə uyğun yeni birisini tapacaq. Bu düşüncə də boşanmalara səbəb olan amillərdən biridir”.
AMEA -nın elmi işçisi, psixoloq/psixoterapevt Fatimə Bayramova bildirib ki, bəzi ölkələrdə nikaha qədər kurslar kilsələrin, nikah şöbələrin ümumiyyətlə, nikahla əlaqədar müəssisələrin nəzdində fəaliyyət göstərir:
“Lakin, bu, məcburi deyil, ola da bilməz. Gəlin baxaq o kurslara Azərbaycanda tələbat varmı?! Əgər tələbat yoxdursa, kursun reprezentativliyi də etibarlı olmayacaq. Lakin, kursların açılması ilə əlaqədar ilk öncə uzun müddət KİV-də maarifləndirmə işləri aparılmalıdır ki, əhali buna hazır olsun və ilk öncə könüllü şəkildə kursda təhsil almaq istəyənlər cəlb edilsin. Kursun əlbəttə, faydası çoxdur, böyük ehtimalla ailə psixologiyası (məişət problemləri,ailədaxili konfliktlər), ünsiyyət psixologiyası, uşaq psixologiyası, cinsi məsələlər, hüquqi, sosial problemlər mövzuları əhatə edən təlimlər keçiriləcək. Ancaq orta təhsil pilləsindən artıq bəzi məsələlərə mütləq toxunulmalıdır, həm valideyn, həm də müəllimlər, psixoloqlar, pedaqoqlar ailə dəyərləri, onun qorunması və psixologiyasını əxlaq tərbiyəsi əsasında şagirdlərə ötürməlidilrər. Yaxşı olar ki, məktəblərdə psixoloqlara dərs saatları yazılsın, psixoloqlar yetişən gənc nəsildə ailə psixologiyasının dəyərlər sisteminin formalaşmasına təsir göstərsin”.
Psixoloq vurğulayıb ki, artan boşanmaların sayını azaltmaq üçün ilk öncə erkən nikahların qarşısı alınmalı, düzgün şəxsiyyət, cəmiyyətə yararlı vətəndaşlar yetişdirilməlidir:
“Təəssüf ki, bir çoxumuza elə gəlir ki, övlad yalnız bizim üçündür, bizim ailəni təmsil edir. Əslində isə təhsildən də önəmli tərbiyədir, düzgün hərtərəfli yetişdirilmiş şəxsiyyətdir. Çünki sabah o uşaq kimlərinsə həyatında əhəmiyyətli rol oynayacaq. İnsani keyfiyyətlər formalaşmalıdır ki, gələcəkdə bizim verdiyimiz yalnış (eqolu, narsist düşüncəli, aqressiv) tərbiyəmizdən heç kim əziyyət çəkməsin. Ailə həyatı qurmazdan öncə hər kəs bu həyata həm mənəvi, həm də maddi cəhətdən hazır olub-olmadığını müəyyənləşdirməlidir. Nəzərə almaq lazımdır ki, xoşbəxtliyi bizə bizi çox sevəndən daha çox, bizi başa düşən, anlayan, hörmət edən insanlar yaşadar”.
//Gülnarə Abasova, Editor.az