Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Nesiç və daha 6 məmur korrupsiyada şübhəli bilinərək saxlanılıb. İşdə “Putevi RS” dövlət yol müəssisəsinin direktoru Milan Dakiç də var.
Bosniya və Herseqovina Baş Prokurorluğunun məlumatına görə, saxlanılanlar cinayətkar sui-qəsddə, çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almaqda şübhəli bilinirlər. Rüşvətin həcmi dəqiqləşdirilməyib. İşin süjeti də açıqlanmır.
Qeyd edək ki, 46 yaşlı Nenad Nesiç 2023-cü ilin yanvarından təhlükəsizlik naziri vəzifəsində çalışıb və 2016-2020-ci illərdə “Putevi RS”-nin direktoru olub. O, Srpska Respublikasının prezidenti Milorad Dodikin rəhbərlik etdiyi Müstəqil Sosial Demokratlar Alyansı ilə koalisiyada olan Demokratik Xalq Alyansı partiyasına rəhbərlik edir.
//Samir Qurbanov, Editor.az