Yeni nəşr olunan müdafiə qiymətləndirmə hesabatında Böyük Britaniya Çini “mürəkkəb və davamlı təhlükə” kimi xarakterizə edib və Çin texnologiyalarının yayılmasının London üçün problem yaratdığını bildirib.
Editor.az xarici mediaya istinadla bu barədə xəbər verir. Hökumətin rəsmi saytında dərc olunan sənəddə aşağıdakı ifadələr yer alıb:
“Çin mürəkkəb və davamlı bir çağırışdır. Pekin Hind-Sakit okean regionunda hökmranlıq etmək, ABŞ-ın təsirini zəiflətmək və beynəlxalq nizama təzyiq göstərmək üçün iqtisadi, texnoloji və hərbi imkanlarından getdikcə daha çox istifadə edir.”
Hesabatda həmçinin Çin texnologiyalarının yayılmasının London üçün problem yaratdığı və Britaniya ordusunun dünyanın istənilən yerində əməliyyatlarda bu texnologiyalarla qarşılaşacağı vurğulanıb. Dərc edilmiş hesabatda Çin texnologiyaları ilə bağlı aşağıdakı ifadələr yer alıb:
“Çin casusluğunu, kiberhücumlarını və həm qanuni, həm də qeyri-qanuni yollarla qabaqcıl texnologiyalarla bağlı əqli mülkiyyət hüquqlarını ələ keçirmək cəhdlərini davam etdirəcək. Eyni zamanda, Çin silahlı qüvvələrini geniş miqyasda və sürətlə modernləşdirməyə başlayıb”.
//Gülnarə Abasova, Editor.az