Britaniya, İtaliya və Yaponiya birgə yeni döyüş təyyarəsi hazırlamaq üçün qüvvələrini birləşdirir.
Editor.az bildirir ki, bu barədə “Amerikanın Səsi” xəbər verib. ABŞ-ın iştirakı olmadan işlənəcək layihə tarixin ən böyük ixtiralarından biri olacaq. Üç ölkənin birgə istehsalı olacaq təyyarənin 2035-ci ildə səmaya qalxa biləcəyi planlaşdırılır. Yeni qırıcının əsasını Yaponiyanın F-X proqramı və İtaliyanın “Leonardo” şirkətinin iştirakı ilə Britaniyada hazırlanmış “Tempest” təyyarəsinin layihəsi təşkil edəcək. Yaponiyanın Londonda Britaniya-İtaliya təşəbbüsünə qoşulması mühüm nailiyyət hesab edilir.
“Yaradacağımız yeni nəsil döyüş təyyarələri bizi və dünyadakı müttəfiqlərimizi qoruyacaq”, – Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib. Britaniya hökuməti qeyd edib ki, yeni Britaniya-İtaliya-Yaponiya təyyarəsi “NATO-nun digər tərəfdaşlarının qırıcıları ilə uyğun olmalıdır”. Qərb ölkələri indi Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Çinin güclənməsi fonunda hərbi məqsədlər üçün vəsait ayırmağa daha çox hazır olduqlarını bildirirlər.
//Samir Qurbanov, Editor.az

