Böyük Britaniya qeyri-qanuni yollarla ölkəyə gələn qaçqınları iyunun 14-dən Ruandaya göndərmək planını həyata keçirməyə başlayır.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Britaniya və Ruanda ötən aylarda 151 milyon dollarlıq müqavilə imzalayıb. Böyük Britaniya hökumətinin planına görə, Böyük Britaniyadan sığınacaq istəyən bəzi insanların müraciətlərinə baxılmazdan əvvəl Şərqi Afrika ölkəsi Ruandaya göndəriləcək. Böyük Britaniyadan təxminən 6500 kilometr uzaqlıqda yerləşən Ruanda sığınacaq axtaranların məsuliyyətini öz üzərinə götürəcək və ölkəyə gələnləri sığınacaq üçün müraciət prosesindən keçirəcək.
Bu müddət ərzində sığınacaq axtaran şəxslər Ruandada yaşayış yeri ilə təmin ediləcək. Müraciətləri qəbul edilən şəxslərə yaşamaq və təhsil almaq üçün dəstək olunacaq. Ruandada beş illik yaşayış icazəsi veriləcək.
//Nəzərbəy Hacıağayev, Editor.az

