Böyük Britaniya “Rusiya təcavüzünə qarşı ” AUKUS proqramı çərçivəsində 12 nüvə hücum sualtı qayığı inşa edəcək.
Bu barədə məlumat hökumətin saytında dərc olunub. Donanma nüvə hərəkəti sisteminə və adi silahlara malik SSN-AUKUS sinifli sualtı qayıqlarla genişləndiriləcək. Onlar Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi ittifaq olan AUKUS çərçivəsində hazırlanacaq.
“Möhtəşəm sualtı qayıqlarımız bizi və müttəfiqlərimizi təhlükəsiz saxlamaq üçün gecə-gündüz patrul edir, lakin biz təhlükələrin artdığını bilirik və biz Rusiyanın təcavüzünə qarşı qətiyyətlə hərəkət etməliyik”, – müdafiə naziri Con Healey bildirib.
Mətndə həmçinin bildirilir ki, SSN-AUKUS proqramının aktivləşdirilməsi ölkənin sənaye potensialını genişləndirəcək, gələcəkdə hər 18 aydan bir yeni sualtı qayıq tikiləcək. Sualtı qayıqların tikintisi ilə bağlı elanı iyunun 2-də baş nazir Keir Starmer Strateji Müdafiə İcmalı çərçivəsində verməlidir. Bir neçə aydır ki, hazırlıq mərhələsində olan sənəddə müdafiənin gücləndirilməsi ilə bağlı 62 tövsiyə və ölkə üçün əsas təhlükələr sadalanacaq.
//Samir Qurbanov, Editor.az