Böyük Britaniyanın Milli Terrorla Mübarizə İdarəsi iyul ayında Birmingemdə DHL anbarında baş vermiş yanğınla bağlı araşdırma aparır.
“The Guardian” yazır ki, binada təyyarə ilə gətirilən yandırıcı qurğu işə düşüb. Hadisədə “rus casuslarının” şübhəli olduğu iddia edilir.
Yanğın nəticəsində xəsarət alan olmayıb və yerli yanğınsöndürənlər və anbar əməkdaşları tərəfindən söndürülüb. Yandırıcı qurğunun olduğu bağlamanın sərnişin və ya yük təyyarəsi ilə gəlib-gəlmədiyi məlum deyil. Müstəntiqlər yanğının iyulun sonunda Leypsiqdəki DHL müəssisəsində baş vermiş yanğınla bağlı olub-olmadığını araşdırır.
Orada təyyarəyə yüklənməsi nəzərdə tutulan bağlama yanıb. Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal Bürosunun rəhbəri Tomas Haldenvanq bu həftənin əvvəlində parlament üzvlərinə deyib ki, Leypsiqdə alovlanan paket təyyarəyə dəysəydi, bu, “qəzaya səbəb ola bilərdi”.
//Samir Qurbanov, Editor.az