“Vaqner qrupu faktiki olaraq Rusiya tərəfindən ləğv edilib. Böyük ehtimal ki, bu qrupun bir hissəsi Müdafiə Nazirliyinin tabeliyinə veriləcək”.
Bunu Editor.az-a politoloq Turab Rzayev Böyük Britaniya hökumətinin Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vaqner qrupunun Ukraynada döyüşən hissəsi birbaşa Müdafiə Nazirliyinin tabeliyinə keçəcək:
“Afrika, Livya, Suriya və dünyanın fərqli ölkələrində istifadə edilən hərbi təşkilatlar isə dolayı yolla fərqli birlik adı altında iştirak edə bilərlər.Cənubi Afrika Respublikasının rəhbərliyi də bununla bağlı açıqlama vermişdi ki, hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq Rusiyanın irəli sürdüyü qrupla işləyəcəklər. Rəsmi Moskva da bunu nəzərə alır”.
Politoloqun fikrincə, Qərbdə Vaqner qrupunun terror təşkilatı adlandırılması onlara qarşı təqiblərin başlanmasına səbəb ola bilər:
“Böyük Britaniya gələcəkdə Vaqner qrupunun yerində yaranmış hər hansı təşkilatı da Vaqnerin davamçısı kimi görüb terror təşkilatı adlandıra, üzvlərini və rəhbər şəxslərini terrorçular sırasına daxil edə bilər. İstənilən halda bu qərar Böyük Britaniya və Rusiya arasında münasibətləri daha da gərginləşdirəcək. Çünki artıq Avropada da bu məsələ ilə bağlı fərqli baxışlar mövcuddur”.
Politoloq Fransa Xarici İşlər nazirinin Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Fransa XİN sonuncu çıxışında Rusiya ilə danışıqlar aparmağın,rəsmi Moskva ilə birlikdə təhlükəsizlik arxitekturasının müəyyən edilməsi ilə bağlı fikirlər səsləndirmişdi. Britaniyada bu addımı ilə həmin prosesə razı olmadığını və Ukraynada Rusiyaya qarşı savaşı daha da genişləndirəcəyini göstərmiş oldu. Vaqnerin terrorçu təşkilat kimi tanınması gələcəkdə rəsmi Moskva üçün müəyyən hüquqi problemlər yaradacaq”.
//Safura Bənnayeva, Editor.az

