“Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü infrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun yol infrastrukturu quruldu. 19 iyul tarixində isə 29 illik həsrətə son qoyuldu. Zəngilanın Ağalı kəndinə köç başladı. Böyük Qayıdışın ilk mərhələsi uğurla davam edir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Qarabağda quruculuq işləri əvvəlcədən hazırlanmış Baş planlara əsasən həyata keçirilir:
“İkinci mərhələdə Ağdam və Füzuli rayonlarının, o cümlədən Cəbrayıl və Şuşa şəhərlərinin baş planlarına uyğun bərpası nəzərdə tutulub. Hazırda demək olar ki, bütün işğaldan azad olunan ərazilərdə fasiləsiz quruculuq-abadlıq işləri həyata keçirilir. Bütün bu şəhərlər və kəndlərin hamısın eyni zamanda hazır olmasını gözləmək yanlışdır. Bunlar hamısı müəyyən strateji plana uyğun olaraq bəlli qrafiklər əsasında baş tutacaq. Ağalı kəndi ayrıca layihə kimi başlamışdı və indi ilk mərhələsi yekunlaşıb. İkinci ağıllı kəndin Füzuli rayonunun Dövlətyarlı kəndində olması planlaşdırılır. Dövlətyarlı kəndində hazırda layihələndirmə işi gedir. Bu gün Ağalı kəndinə olan qayıdış bir daha göstərdi ki, Azərbaycan dövləti öz sözünə sadiqdir. Ümumilikdə, insanların qayıdışı təmin olunandan sonra bu bölgənin böyük iqtisadi potensialı yaranacaq, Azərbaycan iqtisadiyyatına kifayət qədər böyük həcmdə töhfə olacaqdır. Bu da Qarabağa köçün daha da sürətlənməsini şərtləndirən amillərdəndir. Hesab edirəm ki, işlər belə sürətlə gedərsə, istər Şuşa, istər digər işğaldan azad olunmuş ərazilərimizə qısa zamanda keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının şahidi olacağıq”.
//Gülnarə Abasova, Editor.az

