Braziliya Kiyevə sursat tədarükü ilə bağlı müttəfiqlərin tələblərini yerinə yetirməkdən imtina edib. Həmçinin Yaponiya və Böyük Britaniya arasında əlavə mərmi tədarükü ilə bağlı danışıqlar dalana dirənib.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Lakin nəşr danışıqların təfərrüatlarını təqdim etmir. 2023-cü ilin dekabrında “Financial Times” Yaponiyanın Böyük Britaniya vasitəsilə Ukraynaya artilleriya mərmiləri tədarükü təklifini nəzərdən keçirdiyini yazmışdı.
Bu təşəbbüsə əsasən, Yaponiya Britaniya müdafiə şirkəti BAE Systems-in lisenziyası əsasında 155 mm-lik mərmi istehsal edəcək və sonra onları Böyük Britaniyaya göndərəcəkdi. Yanvarın sonunda “Wall Street Journal” iki ölkə arasında danışıqların çətinliyi səbəbindən planın icrasının ləngidiyini yazıb.
Nəşrin mənbələrinə görə, Britaniya tərəfi Ukrayna hərbçilərinin Yaponiyanın “Komatsu” istehsalı olan 155 mm-lik mərmilərdən istifadə edə biləcəyinə şübhə ilə yanaşıb. Nəşrin digər mənbəsi qeyd edib ki, “Komatsu”nun Böyük Britaniyaya tədarük edə biləcəyi sursatın miqdarı məhduddur.
//Samir Qurbanov, Editor.az

