BRICS-ə qoşulmaq Azərbaycanın iqtisadi potensialını artırmaq üçün fürsət və əlavə imkanlar yaradacaqbackend

BRICS-ə qoşulmaq Azərbaycanın iqtisadi potensialını artırmaq üçün fürsət və əlavə imkanlar yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;

“BRICS mexanizmi sürətlə genişlənir. Hətta mütəxəssislərin bəziləri bu mexanizmi Qərb formatı olan Yeddilik Qrupundan daha açıq və inklüziv adlandırır. Azərbaycan çoxvektorlu siyasət yürüdür, çoxqütblü dünya ilə bağlı ortaq baxışlarda da balans axtarır. Məhz bu balansın özüdür ki, Cənubi Qafqaza doğru istiqamətlənən təhlükə oxları dəf edilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, BRICS-ə qoşulmaq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmək, iqtisadi potensialını artırmaq üçün fürsət və əlavə imkanlar yaradacaq:

“Məsələ orasındadır ki, Şanxay Əməkdaşlıq Təşkilatı, Çinlə imzalanan sənəd, Türkiyənin də BRICS-ə qoşulmaq cəhdi nəzərə alınmaqla yeni dünya düzəninin təzə konturları daha qabarıq formada üzə çıxır, müstəvi daha aydın görünür. Hətta Amerikalı jurnalist Cekson Hinkle çox maraqlı bir açıqlama verdi ki, ABŞ Türkiyənin BRICS-ə qoşulmaq istəyindən qorxur, çünki o NATO blokunun əsas üzvüdür. Qarşıdan Kazan Sammiti gəlir. Onu da qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan da orda iştirak edəcək. Rusiya-Ermənistan münasibətlərinin mövcud durumunda Paşinyan foruma gedirsə, çox mətləblərin cavabı bəllidir. Hər bir halda bir reallıq dərk edilməlidir ki, coğrafiyanı dəyişmək mümkünsüzdür. Qərb formatları qarşısında Türkiyənin BRICS-ə ərizəsi də bu təsisatın üstünlüklərindən xəbər verir. Nəzərə alsaq ki, gələcəkdə qlobal inkişafın istiqaməti inkişaf etməkdə olan iqtisadiyyatlar arasında əməkdaşlıq mexanizmləri ilə bağlıdır o zaman BRICS-in perspektivlər vəd edən təsisat olduğunu demək olar”.

Ş. Həsənova bildirib ki, Azərbaycan Avropa, Asiya, hətta Afrika ölkələri ilə münasibətləri genişləndirir:

“Türkiyə isə bu regionda geniş rola malikdir. Azərbaycan və Türkiyənin  xarici siyasət addımları əks cəbhələrdə deyil, sinxron addımlar üzrə irəliləyir. Çox uzaq deyil, yaxın gələcəkdə Azərbaycan Şərqlə Qərb arasında körpü, kommunikasiya kanalı və koordinasiya mexanizmi rolunu daha əsaslı oynayacaq. Nəqliyyat və kommunikasiyaların açılması məsələsinin aktuallaşması da bundan xəbər verir. Cənab Prezident İlham Əliyevin Çernobbio forumundan sülh platforması təqdim etməsi də qeyd olunan amilin əyani göstəricisidir. Müzəffər Liderimiz siyasi təlatümlər, iqtisadi kataklizmlər fonunda Azərbaycana yeni uğurlar qazandıracaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.