Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Trident 2” ballistik raketləri daşıyan Vanqard sinfinə aid nüvə sualtı qayığı dərinlikölçənlərindən birinin nasazlığı nəticəsində az qala batsın.
Editor.az bildirir ki, bu barədə “The Sun” xəbər verir ki, qayığın göyərtəsində 140 nəfər olub. Nəşrin məlumatına görə, Britaniya sualtı qayığı Atlantik okeanında patrul xidmətinə hazırlaşarkən onun dərinlik sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq az qala “təhlükə zonasına” daxil olub.
Sualtı qayığın arxa tərəfində olan mühəndislər ikinci dərinlikölçəndən istifadə edərək, cihazda nasazlığı görüblər və həyəcan siqnalı veriblər. Nəşr “təhlükəsizlik baxımından” hansı dalış dərinliyindən və sualtı qayıqdan bəhs etdiyimizi dəqiqləşdirməyib. Mənbə Britaniya komandanlığının hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.
“Biz əməliyyatları şərh etmirik. Bizim sualtı qayıqlarımız milli maraqları qoruyaraq bütün dünyada yerləşdirilməyə davam edir”, – “The Sun”un həmsöhbəti vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyada cəmi dörd “Vanguard” sinifli nüvə sualtı qayığı var – HMS Victorious, HMS Vanguard, HMS Vigilant və HMS Vengeance. Onların hamısı “Trident” nüvə ballistik raketləri ilə silahlanıb. Lakin dörd sualtı qayıqdan yalnız ikisi işləyir.
//Samir Qurbanov, Editor.az