Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, Britaniya hökuməti İsrailə silah tədarükü üçün verilən 350 lisenziyadan 30-nu dayandırıb.
Onun sözlərinə görə, dayandırılma Britaniya silahlarının fələstinli məhbusların müalicəsində və Qəzzaya yardımların çatdırılmasında humanitar qanunları pozaraq istifadə oluna biləcəyi ilə bağlı “açıq risk” aşkar edildikdən sonra baş verib. Hökumətin araşdırması İsrail ordusunun humanitar qanunları pozaraq Britaniya silahlarından istifadə etdiyinə dair qəti nəticəyə gəlməyib. Eyni zamanda, Lemmi qeyd edib ki, Qəzza zolağında dağıntıların miqyası və ölənlərin sayı Britaniya hökumətində “böyük narahatlıq doğurub”. “Böyük Britaniyanın rolu mövcud əzablara davamlı son qoymağa kömək etmək olmalıdır”.
Qeyd edək ki, Böyük Britaniya birbaşa İsrailə silah tədarük etmir, lakin onları satmaq üçün Britaniya şirkətlərinə ixrac lisenziyası verir. Dayandırılmış 30 lisenziya hərbi təyyarələr, helikopterlər və dronların komponentlərinə aiddir. Hökumətin qərarı F-35 Joint Fighter Strike qırıcıları üçün hissələrin tədarükünə şamil edilmir, – xarici işlər naziri aydınlıq gətirib.
//Samir Qurbanov, Editor.az

