Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını növbəti dəfə genişləndirərək, bu siyahıya daha iki şirkət və beş qaz daşıyıcısını əlavə edib.
Editor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yer alan sənəddə deyilir. Sanksiya siyahısına Ocean Speedstar və White Fox Ship Management FZCO şirkətləri, həmçinin Asya Energy, Pioneer, North Sky, SCF La Perouse və Nova Energy gəmiləri daxildir.
Qeyd edek ki, sentyabrın 10-da da Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, Rusiya Aerokosmik Qüvvələri (VKS) yenilənmiş siyahıya daxil edilib. Bundan əlavə, Rusiya Hərbi Nəqliyyat Aviasiya Komandanlığı, 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi və Rusiyaya hərbi dəstək verdiyi iddia edilən beş döyüş gəmisi də sanksiyalara məruz qalıb. Sentyabrın 10-da Böyük Britaniyanın Moskvadakı səfirliyi Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb. Diplomatik departamentin nümayəndəsinin sözlərinə görə, məhdudiyyətlər “effektiv olmadığı qənaətinə gəlindiyi təqdirdə” və ya onların tətbiq olunduğu xarici siyasət məqsədlərinə nail olunarsa, ləğv edilə bilər.
//Gülnarə Abasova, Editor.az