Brüssel Bakının mövqelərini vurdu: Avropa Ermənistana kəşfiyyatçılar və hərbçilər yolladı – TƏFƏRRÜAT – FOTObackend

Brüssel Bakının mövqelərini vurdu: Avropa Ermənistana kəşfiyyatçılar və hərbçilər yolladı – TƏFƏRRÜAT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici işlər nazirləri “Qafqazdakı vəziyyətin həllinə kömək etmək” üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Bu barədə Aİ Şurasının bazar ertəsi yaydığı bəyanatda deyilir.

“Aİ Şurası (xarici işlər nazirləri səviyyəsində) bu gün Aİ-nin Ermənistanda mülki missiyasının (EUMA) yaradılması ilə bağlı razılığa gəlib. Onun vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdan ibarət olacaq”, – bəyanatda deyilir.

Aİ Şurası Azərbaycanla razılaşmadan və Rusiyanın mövqeyini nəzərə alaraq qərar qəbul edib.

Sənəddə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Xosep Borreldən sitat gətirilir ki, bu addım “Aİ-nin Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş fəaliyyətlərinin yeni mərhələsinə start verir”. Bəyanatda həmçinin qeyd olunur ki, “missiyanın mandatı davamlı patrullar aparmaq və vəziyyət haqqında hesabatlar təqdim etməkdir ki, bu da Aİ-nin buradakı vəziyyəti daha yaxşı başa düşməsini təmin edəcək. Missiya Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərinə töhfə verəcək”.

O da vurğulanıb ki, missiyaya iki illik səlahiyyət müddəti və bu müddətdən sonra uzadılması mümkün olan 200 nəfər daxil olmalıdır.

Qərarın qəbulu ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə yollanmışdı. Səfərin məqsədi Laçına gedən yolda vəziyyətlə bağlı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təşkil etdiyi dinləmələrdə iştirak etməkdi. Bu dinləmələr Bakının iştirakı olmadan keçirilir: Avropa Parlamenti Azərbaycan XİN rəhbərinə dəvət göndərməyib, bununla da qərəzli mövqe nümayiş etdirib.

Bundan əvvəl Avropa İttifaqı ötən ilin sentyabrında sərhəddə baş verən qanlı döyüşlərdən sonra yeni toqquşmaların qarşısını almaq üçün Ermənistana mülki şəxslərdən ibarət kiçik müşahidə missiyası göndərmişdi. Bu missiyanın mandatı iki ay ilə məhdudlaşdırılmışdı, lakin əvvəlcədən aydın idi ki, Avropa İttifaqı (daha doğrusu, bu qərarın arxasında duran Fransa) beləliklə, regionda uzunmüddətli mövcudluq imkanlarını “araşdırır”. Və belə oldu: iki aydan sonra Avropa İttifaqında daha uzun və daha çoxsaylı missiyanın göndərilməsi ilə bağlı müzakirələr başladı.

Azərbaycan Aİ-nin uzunmüddətli missiyasının Ermənistana göndərilməsindən narahatdır, çünki belə bir addım Brüsselin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmalara, xüsusən də ötən gün Praqada keçirilən dördtərəfli danışıqlarda əldə edilmiş nəticələrə ziddir. Oktyabr.

Missiyanın istiqaməti Azərbaycanla razılaşdırılmayıb, rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Amma bu məsələ birbaşa Azərbaycana aiddir, baxmayaraq ki, missiya Ermənistan ərazisində fəaliyyət göstərəcək. Yəni missiya hər iki tərəfin razılığı olmadan göndərildiyi üçün Avropa missiyasının fəaliyyəti ilə alınan məlumatların obyektivliyi şübhələr yaradır.

Avropa İttifaqı və Rusiyanın monitorinq missiyası Rusiyanı ciddi narahat edib.

Rəsmi Moskva bunu Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir. Rusiyanın XİN başçısı Sergey Lavrov bəyan edib ki, Avropa İttifaqının missiyası regionda vəziyyəti sabitləşdirməkdən daha çox gərginləşdirməyə xidmət edir. Bu o deməkdir ki, Moskva Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək. Bunun da nəticəsində gərginlik ancaq artacaq.

Avropalı müşahidəçilərin missiyası mülki olsa da, Ermənistan növbəti mərhələdə Qərbdən regiona hərbi missiya dəvət etmək niyyətini gizlətmir.

Ermənistanın baş naziri və xarici işlər naziri dəfələrlə regiona beynəlxalq sülhməramlıların göndərilməsinə çağırıb və Rusiya sülhməramlılarının öz tapşırıqlarını yerinə yetirmədiyini bəyan ediblər.

Görünür, İran baş verənlərdən heç də narahat deyil. Halbuki əvvəllər dəfələrlə “xarici qüvvələrin regiona müdaxiləsinin yolverilməzliyi” barədə bəyanatlar verib. Lakin bu bəyanatlar yalnız Azərbaycanın xarici əlaqələrini nəzərdə tuturdu. Üstəlik, Tehran sadəcə xarici qüvvələri regiona cəlb etməyə çalışan Ermənistanla münasibətləri gücləndirir.

Bakıdan sərt cavab

Azərbaycan XİN Avropa İttifaqının Ermənistana uzunmüddətli mülki missiyanın göndərilməsinə münasibət bildirib:

Missiya Bakı və İrəvan arasında normallaşma, o cümlədən sərhədlərin delimitasiyası prosesinə, mane olmaq üçün istifadə edilməməlidir

Aİ missiyanın Ermənistanda yerləşdirilməsi zamanı Azərbaycanın qanuni maraqlarının nəzərə alınması təmin olunmalıdır

Missiyanın işi qarşılıqlı etibara xələl gətirməməlidir

İlk qısamüddətli missiyanın fəaliyyəti Praqa razılaşmaları ilə ciddi ziddiyyətlərlə müşayiət olunub

Aİ missiyanın varlığından sui istifadə hazırkı dialoq mexanizmləri üçün təhlükəlidir və buna yol verilməməlidir.

İrəvana qaçaraq səfər

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

O, dünən bu barədə tviterdə yazıb:

“Görüşlər keçirmək üçün İrəvana bir günlük qayıtdım. Laçın dəhlizi ətrafındakı vəziyyət gərgindir və təcili qaydada çözüm tapılmalıdır. İrəliləyiş yollarını araşdırmaq üçün diskussiyaları səbirsizliklə gözləyirəm. Avropa İttifaqının qlobal məqsədi Azərbaycanla Ermənistan arasında tammiqyaslı nizamlanmadır”.

Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.

Ermənistana hərbçilər və kəşfiyyatçılar göndərilib

Yanvarın 9-da İrəvanda Ermənistanın XİN başçısı Ararat Mirzoyan Aİ-nin texnikiki dəyərləndirmə heyəti və bu heyətin rəhbəri Marçin Vidra ilə görüşüb. Görüşdən dərhal sonra rəsmi İrəvan bəyanat yaymışdı: “Avropa İttifaqının yeni missiyası artıq yanvar-fevral aylarında işə başlayacaq”.

Əslində, Aİ-nin yeni missiyasının olacağı ötən ilin dekabrın 19-da bəlli idi.

Missiya sadəcə, diplomatlardan ibarət deyil.

Əldə etdiyimiz məlumatlara görə, rəsmi sənədlərdə ilkin olaraq heyəti 42 nəfər kimi göstərilən missiyada əslində 229 nəfər olacaq. Onların tam əksəriyyəti hərbçilər, hərbi ekspertlər, analitiklər və kəşfiyyatçılardır. Missiyanın “əsas heyət”indən savayı, “köməkçilər”, “müşavirlər” və “digər yardımçı heyət”dən ibarət üzvləri də olacaq.

Ən nəhayət, missiyada çalışmaq üçün Ermənistan vətəndaşları da verboka ediləcək.

Bizdə olan informasiyaya görə, missiyanın kuratoru, yəni faktiki rəhbəri fransalı “diplomat”, gerçəkdə isə Avropa İttifanının təhlükəsizlik, müdafiə siyasəti və böhranların çözülməsi məsələləri üzrə Avropa Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini, peşəkar kəşfiyyatçı Şarl Frisdir.

Beləliklə, Fransa ənənəvi olaraq Rusiyanın tam kontrolunda və təsir dairəsində olan Ermənistanda yeni gərginlik mənbəyi yaratmağa çalışır. Əsas məqsədlərdən biri də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması prosesinin əsasının qoyulmasıdır. Bu isə sonradan Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazda geosiyasi, iqtisadi və s. təsir rıçaqlarının minimuma endirilməsi ilə nəticələnə bilər.

Fransa indiyədək dəfələrlə Rusiyanı belə çətin duruma salıb və Paris, ümumiyyətlə, Rusiyaya “iki cəbhəyə oyun” sırımağı sevir.

Məsələn, 1812-ci il müharibəsi ərəvəsində Tehrandakı şah sarayı fransız “müşavir”lərlə dolu idi və məhz onlar Rusiyanı Tehrana qarşı yeni savaşa sövq etmişdilər.

Daha sonra 1936, 1968, 1989 və 1993-cü illərdə Paris Moskvaya qarşı yeni oyunları oynamışdı.

Fransanın indiki dövlət başçısı, ahıl qadınların və prezidentlərlə baş nazirlərə gecə zənglərinin fanatı Emmanuel Makron bu dəfə Ermənistana stavka edib.

MDB çərçivəsindəki KTMT, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqından çıxmasa da, yeni “məşuq” qismində Fransanın görən İrəvan məhz bu səbəbdən Parisə bel bağlayır.

Fransadakı spekulyativ kapitalın ciddi qisminə və siyasi müstəvisinin bir hissəsinə nəzarət edən erməni diasporunu incik salmamağa, seçkilərdə onların səsini qazanmağa çalışan E.Makron özünü yeni Napoleon sayır.

Amma o, unudur ki, Rusiya Bonoparı bir də məğlub edibsə, ikinci dəfə özünü Napoleona bənzətməyə çalışan klounu asanlıqla yenəcək.

Paşinyan, Makron və Ermənistana missiya yollamağa hazırlaşan Avropa İttifaqı Rusiyanı çox, amma çox sinirləndiriblər.

Rusiya ilə yanaşı, Azərbaycan amili də var və bu iki amilin varlığı ermənilərlə fransızları çox pərişan edəcək.

Rusiyanın bölgədəki çirkin məqsədlərini bilsək də, bizə qarşı olan iki gücün didişməsi xeyrimizədir.

Ermənistana gəldikdə isə – ermənlər Rusiyaya xəyanət etdikəri kimi, indi yeni “havadar və hami” kimi gördükləri Avropanı da aldadacaqlar.

Makron, Borrel, Mişel və Fris buna əsla şübhə etməsinlər…


Milli.Az