Brüssel görüşü öncəsi həmsədr ölkələrin bu cür davranışları təsadüfi deyilbackend

Brüssel görüşü öncəsi həmsədr ölkələrin bu cür davranışları təsadüfi deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu 27 sentyabrdan öncəki prosesləri tərəflərə qaytarmaq istəyir və heç bir mahiyyəti olmayan görüşlərin təşkili, immitasiya xarakterli danışıqlar prosesləri yenidən diriltmək istiqamətində atılan addımlardır.  Nyu-York və Parisdə keçirilən görüşlərdən sonra Stokolmda xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməməsinin əsas səbəbkarı Ermənistan oldu. Çünki görüşün baş tutacağı vaxtdan bir neçə saat öncə ermənilər Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olaraq təxribat törətdilər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi analitikin sözlərinə görə, Ermənistanda danışıqları pozmaq istiqamətində revanşist qüvvələr hər gün müxtəlif fikirlər irəli sürür:

” Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi hər zaman  siyasi təmasların qurulması, danışıqların getməsi istiqamətində təşəbbüs göstərən tərəf kimi çıxış edib. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri 30 ilə yaxın müddət ərzində separatçıları işğala son qoymağa deyil, əksinə status-kvonun dayanıqlığının artırılmasına xidmət edən fəaliyyət nümayiş etdirdilər. Hazırda isə postmünaqişə dövründə daha çox regionda öz varlığını qoruyub saxlamaq, geopolitik orbitə Cənubi Qafqazı daxil etmək və digər geopolitik ambisiyalarla bağlı öz maraqlarını güdürlər. Brüssel görüşü öncəsi ATƏT-in Minsk Qrupunun davranışları təsadüfi deyil. Ermənistan tərəfinin təxribatçı addımlarına görə hər dəfə Azərbaycan Ordusu şəhid verir. Bunlara göz yummağa davam edən həmsədr ölkələr heç bir vasitəçilikdən, danışıqdan söhbət açmasın”.

İ. Hüseynov bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlığın qorunması istiqamətində dayanıqlı addımlar atılmasının tərəfdarıdır:

” Regionda təhlükəsizlik arxitekturasının daha sağlam zəmində qurulması bütün region ölkələri üçün faydalıdır. Amma Minsk Qrupu həmsədrlərinin səyləri isə daha çox gərginliyin yaradılmasına və davamlılığına xidmət edir. Təhlükəsizlik mühitinin formalaşması, humanitar problemlərin aradan qaldırılması eyni zamanda, 30 ilə yaxın müddət ərzində öz yurd-yuvalarından məcburi köçkün düşmüş şəxslərin Qarabağa qayıdışından sonra onların təhlükəsizliyin qorunması ən vacib prioritet vəzifədir. Hər zaman Azərbaycanın atdığı addımlar sülhün, sabitliyin qorunması istiqamətində olub. Bu xüsusda aparılan danışıqlar da diplomatik təmasların tərkib hissəsi kimi öz ağırlığını qoyub. Lakin Ermənistan tərəfi destruktiv siyasəti davam etdirəcəksə, danışıqların getməsi ilə paralel hərbi-siyasi təxribatlar həyata keçirəcəksə,  bu danışıqların fundamental əsaslarını da sarsıtmış olacaq və  heç bir mahiyyəti olmadığı ilə bağlı mənzərə formalaşdıracaq”.

//Gülnarə Abasova, Editor.az