Brüssel görüşü rəsmi Bakıya nə vəd verir?- ƏN VACİB MƏQAMLARbackend

Brüssel görüşü rəsmi Bakıya nə vəd verir?- ƏN VACİB MƏQAMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüsseldə əldə edilən nəticələr postmüharibə mərhələsində sülhə doğru mühüm dönüş kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın ciddi siyasi-diplomatik uğurudur. Postmüharibə dövrünün idarə olunması və sülh istiqamətində nəticənin əldə edilməsi gərgin səylər və qətiyyət tələb edirdi”.

Bu fikirləri Editor.az-a açıqlama verən Millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu mürəkkəb mərhələnin ilkin çətinliklərini arxada qoymağı bacarıb: “Nəzərə almaq lazımdır ki, bu nəticələr məğlub olmasına baxmayaraq sülh istəməyən bir ölkənin iradəsinə qarşı əldə edildi. Müharibədən iki il keçməsinə baxmayaraq Ermənistan daim sülhə qarşı təxribatlar törədir, üçtərəfli bəyanatın mətnini manipulyasiya etməyə çalışır, gizli qapılar arxasında özünə yeni hamilər axtarırdı. Brüssel formatında keçirilən son görüşdə artıq aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. Beləliklə, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlayır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaq. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Ermənilərin şiddətlə arzu etdikləri Minsk Qrupu yaxud ümumiyyətlə, Qarabağ adı mətnin məzmununda olmayacaq. Şübhəsiz ki, bu Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmaq baxımından ciddi dönüşdür və danışıqların bu məcrada inkişaf etməsində Avropa İttifaqı (Aİ) və xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelin önəmli rolu var. Qarşıdakı mərhələnin intensiv danışıqlar və inteqrasiya mərhələsinə çevirilməsi üçün ilkin şərtlər artıq mövcuddur”.

Mövzu ilə bağlı açıqlama verən politoloq Turan Rzayev dördüncü Brüssel görüşü ilə bağlı vacib məqamlara toxunub:

“Bunu görüş sonrası Şarl Mişelin “Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Fikir mübadilələrimiz açıq və məhsuldar keçdi” sözləri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib” sözləri də təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan tərəfi Brüssel formatından razıdır və bunu dəfələrlə dilə gətirib. Çünki format ATƏT-in Minsk Qrupunun  27 illik “danışıqlar” prosesində əldə edə bilmədiyi nailiyyətlərə iki ildən qısa müddətdə nail olub”.

Politoloq bildirir ki, sülh danışıqlarına başlamaq üçün razılaşma əldə edilib:

” Görünür, Şarl Mişel və Prezident İlham Əliyev İrəvanın öhdəliyini yerinə yetirməyə razı salınıb. Ermənistanın bu dəfə fərqli addım atıb atmayacağını isə zaman göstərəcək. Ermənistana gəldikdə isə rəsmi İrəvanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edilir. Bu mənada Bakının formatdan razı qalması da başa düşüləndir. Digər tərəfdən, Brüssel formatı Qərbin Ermənistan-Azərbaycan münaqişəsində fəal iştirakı deməkdir ki, bu da hər şeydən öncə Kremlin prosesdə moderatorluğunu balanslayır. Yəni Rusiya əvvəlki kimi prosesi öz maraqlarına görə istiqamətləndirə bilmir. Faktiki olaraq vasitəçilik uğrunda Moskva ilə Brüssel arasında rəqabət gedir ki, bu da maraqlarımıza xidmət edir. Yəni birindən narazı qaldıqda, o birisinin üstünlüyündən istifadə etmək mümkündür. Şarl Mişel görüşdən sonra onu da qeyd edib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub”.

//Safura Bənnayeva, Editor.az