” 15 dekabrda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutacaq görüşdən gözləntilər nikbin olmalıdır. Çünki Ermənistan bu vaxta qədər ciddi cəhdlə siyasi meydandan qaçıb. Ermənistan küçələrində aksiyaya, erməni cəmiyyətində xaosa səbəb olan iki ölkə arasında olan problemlərlə bağlı Ermənistanın aydın yanaşması yoxdur. Azərbaycan Ermənistana çoxdan sülhə hazırlaşmağı təklif edir. Sülh müqaviləsinə gedən yol isə sərhədlərin delimitasiya və demakrasiyasından keçir. Bu beynəlxalq münasibətlərdə, qonşuluq siyasətində adi bir prosesdir. Bu əvvəl-axır baş tutmalıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Azərbaycan səylə çalışır ki, Ermənistanı sağlam mövqeyə yaxınlaşdırsın:
” Lakin Ermənistan daima qarşıdurma meyillərini gücləndirir. Axı siz nə edə bilərsiniz? Ay erməni hakimiyyəti, xalqı bu müharibəni uduzmusunuz, bunu dərk etməlisiz. Bu 44 günlük müharibə ən azı 30 illik müharibədir. 30 illik müharibədə onlar başlanğıcda taktiki üstünlüyü ələ keçirsələr də biz sonda öz sözümüzü dedik. Qəsbkarı tənbeh etdik, onun zərbəsini lazımi tərzdə vurduq və müəyyən etdik ki, sən artıq zəif bəndsən. İndiki şəraitdə Ermənistan gərək özü özü üçün bir gün ağlasın. Çünki o, məğlub olan tərəfdir. Onlar revanş haqqında hansı güclə düşünürlər? Ordularının heç üçdə bir hissəsi də qalmayıb. Ona görə də indiki şəraitdə ermənilərin etdikləri sadəcə hay- həşirdir. Ermənistan həyasızlıq etməklə çalışır ki, bəynəlxalq qüvvələri yenidən bu proseslərə cəlb etsin, KTMT üzvlərini Azərbaycana qarşı qoyaraq koalisiya yaratsınlar. Əgər ermənilər bu mərama ciddi tərzlə yanaşırlarsa, deməli həqiqətən də onlar psixoz dövrü yaşayırlar, ağılları yerində deyil. Eyni zamanda, Ermənistan hələ keçmişin abu- havasından çıxmayıb, elə bilir yenə bəzi dövlətlər onların kaprizləri ilə oynayacaq. Bu artıq mümkün deyil. Azərbaycanın mövqeyi sağlamdır, qətidir və Ermənistan gərək ondan bəhrələnsin”.
Siyasi analitik qeyd edib ki, Ermənistan Azərbaycanla problemlərini həll etməmiş artıq Rusiyaya kəllə vurmağa çalışır:
” Ermənilər indi də Rusiyaya təpik atırlar. Onların heç xəbəri yoxdur ki, vurduqları təpik özlərinə dəyəcək.Çünki Ermənistan həmişə asılı dövlət olub və idarəetmə rıçaqları ölkədən kənarda olub. Artıq subyektivliyini itirmiş bir məmləkətdir. Ona görə də beynəlxalq hüququn subyekti yox, obyektinə çevrilir. Hərkəsə məlumdur ki, Ermənistan Azərbaycan və Türkiyə qarşı rəsmi müharibədədir. Bir yandan da Rusiyaya təpik atmağa başlayıb. Ermənilər çalışırlar ki, Rusiya ölkədən çıxsın buna görə də qərbyönümlü ölkələr artıq orada fəallaşır. Baş verən proseslərə Rusiyanın təsiri böyükdür. Paşinyan başa düşür ki, Rusiya olmadan onun heç bir məramı regionda işləməyəcək. Rusiya da başa düşür ki, artıq Azərbaycan qalib dövlətdir, şərtləri o müəyyənləşdirir, qərarlar isə artıq qəbul olunub. Zəngəzur dəhlizi, kommunikasiyalar açılmalı, sərhədlər müəyyənləşməlidir. Bunlar hamısı Ermənistanın dirçəlməsinə xidmət edir, amma ağılsız ermənilər bunu başa düşmür. Onlar başa düşmür ki, böhrandan çıxmağın yeganə yolu bu proseslərdən keçir. Son günlərin təxribatları isə göstərdi ki, Ermənistanda radikal qruplar, qeyri-sağlam qüvvələr suyu bulandırır və çalışır ki, müharibə abu- havası sönməsin. Ancaq bunun da sonu yoxdur. Nikol Paşinyan gərək anlasın ki, artıq müqavimətin mənası yoxdur. Azərbaycan tərəfindən irəli sürülən təkliflər, şərtlər ortadadır və onların arxasında aydın perspektivlər dayanır. Azərbaycan bütün proseslərə hazırdır, alternativ variantları da var. Ermənistanda bu olmadığından onların manevr imkanları da məhduddur. Brüssel görüşündən gözləntilər nikbin olmalıdır, çünki Ermənistan ehtimal olunan bütün yollara əl atdı və nəticədə əliyalın, zəif bir vəziyyətdə qaldı. Onların yeganə yolu isə sülhdür. Ermənistan müharibəni uduzub, amma sülhü qazana bilər. Ermənistan hakimiyyəti isə öz xalqı üçün bunu etməlidir”.
//Gülnarə Abasova, Editor.az

