BŞTİ-nin məktəblərdəki “xəfiyyəsi”… – Təhsil ekspertindən şok açıqlamabackend

BŞTİ-nin məktəblərdəki “xəfiyyəsi”… – Təhsil ekspertindən şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ümumitəhsil məktəblərinin rəhbərləri üçün hələ sovet zamanında, eləcə də müstəqillik dövründə müxtəlif təlim və kurslar təşkil olunsa da, məktəb direktorlarının müsabiqə yolu ilə işə qəbuluna 2014-cü ildə Mikayıl Cabbarovun Təhsil naziri olduğu dövrdə başlanıb. Əvvəlcə “Uğur Sertifikatı”, “Bu günün və sabahın direktorları” və digər adlar altında keçmiş Qafqaz Universiteti, Xəzər Universiteti, İqtisadiyyat Uniersiteti, hətta bir əlavə təhsil mərkəzi ilə birlikdə təlimlər təşkil olundu. Bu kimi təlimlər əsasən Bakı şəhərində, bir dəfə Gəncədə keçirildiyinə görə yalnız Bakı və Sumqayıtın orta təhsil müəssisələrində, o cümlədən həmin şəhərlərdəki məcburi köçkün məktəblərində çalışan təhsilverənlərin qoşulmaq imkanı olurdu.

Bunu açıqlamasında təhsil eksperti Elşən Qafarov direktorların işə qəbulu imtahanları ilə bağlı problemlərdən danışarkən deyib.

Ekspertin sözlərinə görə, ilk dəfə Azərbaycanda məktəb direktorlarının işə qəbulu (DİQ) mərkəzləşmiş qaydada Təhsil nazirinin 3 mart 2017-ci il tarixli 126 №-li əmri ilə həyata keçirilməyə başlandı: “İndiyədək 4 müsabiqə keçirilib. Ölkədə 4432 ümumi təhsil müəssəsi var və ötən 4 il ərzində məktəb direktorlarının azı 70 faizi yenilənib”.

Elşən Qafarov xatırladıb ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə direktor vəzifəsinə vakansiya yalnız son iki ildə – 2019-cu ildə 3, 2020-ci ildə 35 məktəb üzrə çıxarılıb:

“Nəzərə alsaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan 316 məktəbdə tədris və tərbiyə üzrə direktor müavinləri, o cümlədən UBTR, psixoloq, ÇHR, kitabxanaçı, hətta laborant vəzifəsi üzrə vakant yerlər də mərkəzləşdirilmiş müsabiqə yolu ilə təyin edilir, belə mənzərə yaranır ki, təhsili idarəetmə qrumlarının son illərdə gördükləri əsas işlərdən biri imtahan keçirmək olub.

Biz hələ MİQ imtahanı, “daimiləşmə imtahanı”, “səriştəli metodist”, “məktəb inspektoru” və sair müxtəlif adlarla keçirilən və aylarla davam edən imtahan və müsabiqələri demirik.

Sual yaranır: bu imtahan və müsabiqələri keçirən qurumlar təyin olunan kadrların sonrakı taleyi ilə maraqlanırlarmı?”

Elşən Qafarov bildirib ki, 2021-ci ildən başlayaraq ilk dəfə istər Təhsil Nazirliyi DİQ müsabiqəsində, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsi direktor müavinləri müsabiqəsində uğur qazanan namizədlər üçün işə başlamamışdan öncə təlimlər təşkil olunsa da, onların qiymətləndirilməsi aparılmadığından, təlimlərdə kimin nəyi öyrəndiyi naməlum qalıb:

“Bakı şəhəri üzrə məktəblərdə vakansiyaya çıxarılmış məktəblərə təyinat almış direktor müavinlərinin əksəriyyətinin qarşılaşdığı çətinliklərdən yalnız bir neçəsi üzərində durmaq istərdim.

Yeni təyinat almış direktor müavinləri təhsil idarəsi tərəfindən məktəblərə təqdim olunmadı. “Gedin təyin olunduğunuz məktəbə deyin ki, biz bu gündən bu məktəbdə direktor müaviniyik” deyə tapşırıqla göndərilən həmin müavinlərin əksəriyyəti direktorlar tərəfindən ilk gündən gözümçıxdıya salındı.

Belə direktorlar düşünürlər ki, həmin müavinlər məktəbə təhsil idarəsi tərəfindən “xəfiyyə” kimi göndərilib. Bir çox məktəblərdə direktorlar “ictimai əsaslarla” özlərinə müavin təyin edərək müsabiqə yolu ilə gələn müavinləri işdən faktiki uzaqlaşdırıblar. Direktor müavinləri üçün nəzərdə tutulmuş otaqlara buraxılmırlar. Onları təhqir etməkdən və müəllimlərin yanında aşağılamaqdan belə çəkinmirlər.

Bakı şəhəri üzrə Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir. Təyinat almış direktor müavinləri ilə maraqlanan yoxdur. Təhsil idarəsində daxili nəzarət sektoru az-çox işini qurmaq istəyən məktəblərə qarşı müxtəlif “əməliyyatlar” keçirməyə başı qarışıb. Bəzi məktəblərdə direktor özbaşınalıqlarını gözardına vuran BŞTİ əslində belə vəziyyətlərin artması və kəskinləşməsinə şərait hazırlayır”.

Təhsil eksperti problemdən çıxış yolu kimi Təhsil Nazirliyində və ya BŞTİ-də yeni təyin olunan kadrlar üçün yarana biləcək metodiki və digər məsələlərlə bağlı dəstək məqsədi ilə əməkdaş ayırmağı, əlaqə xətti yaradılmasını təklif edir: “Təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları qəbul etməyən direktorları ən sərt qaydada cəzalandırılmalı və bu, ictimailəşməlidir.

Üzümü yeni təyinat alan kadrları təhqir edən, aşağılayan, onları vəzifələri üzrə əmək funksiyalarını yerinə yetirməyə mane olan direktorlara tutub demək istəyirəm ki, “Məktəblinin dostu”nu görəndə “dovşana” çevrilib, yeni direktor müavinləri və ya müəllimləri görəndə “əjdahaya” dönməkdənsə rəhbərlik etdikləri təhsil məüssisəsindəki kütləvi nöqsanları aradan qaldırsınlar”.

//teleqraf.com