“Bu açıqlamasında Paşinyan iki mesaj verir”-ŞƏRHbackend

“Bu açıqlamasında Paşinyan iki mesaj verir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarında ciddi ziddiyyətlər var”.

Bunu Editor.az-a politoloq Oqtay Qasımov Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında “Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik”, ardınca isə  Bakı-Xankəndi dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hər dəfə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirir:

“Bununla yanaşı sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini vurğulayır. Ən qəbuledilməz yanaşma isə Qarabağdakı erməni icması və Bakı-Xankəndi dialoqunun hansısa beynəlxalq mexanizmlər vasitəsi ilə həyata keçirilməsi istiqamətində səsləndirdiyi fikirlərdir. Bunun arxasında duran mesaj isə Qarabağ ermənilərinə hansısa beynəlxalq mexanizmlərlə təhlükəsizlik təminatı verilməsidir. Bununla bağlı ölkəmizin mövqeyi birmənalıdır”.

Politoloqun fikrincə, Paşinyan ziddiyyətli və bir-birini təkzib edən fikirlər səsləndirməklə ikili siyasətini davam etdirir:

“O əgər Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, daxildəki məsələlərlə bağlı heç bir rəy bildirməməlidir. Burada iki əsas səbəb var. Birincisi, Nikol Paşinyan öz istəklərini səsləndirir, ikincisi isə Qarabağdakı erməni icmasının hüquq və təhlükəsizliyi ilə bağlı Ermənistan hökumətinin mövqeyinin dəyişmədiyini göstərmək istəyir”.

//Safura Bənnayeva, Editor.az