“Bu amil Türk Dünyası daxilindəki inteqrasiyanı sürətləndirəcək”-ŞƏRHbackend

“Bu amil Türk Dünyası daxilindəki inteqrasiyanı sürətləndirəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva görüşündən hər hansı gözlənilməz nəticə əldə olunmadı. Sülh prosesində görüşlərin baş verməsi müsbət haldır. Çünki hər hansı sənəd imzalanmasa da hər bir görüş tərəflər arasındakı mövqelərin yaxınlaşdırılmasında növbəti mərhələ kimi nəzərdən keçirilir”.

Bu fikirləri Editor.az-a politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, sülh prosesi istiqamətində qət edilən məsafə müəyyən vaxt aparsa da artıq mövqelər arasında yaxınlaşmaların olduğu müşahidə edilir:

“Bu da özünü ən çox ərazi məsələlərində göstərir. Ermənistan uzun illər özünəxas olan ritorikanı 180 dərəcə dəyişərək Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıdığını bildirib. Bu sülh prosesində kifayət qədər ciddi addımdır. Moskvadakı üç tərəfli görüşdə Rusiyanın dövlət başçısı Vladimir Putin “əksər fundamental məqamlarda tərəflərin mövqeləri bir-birinə yaxındır, məsələ sadəcə detallardadır” deyə fikir səsləndirdi. Əksər sülh razılaşmalarında vacib problemlər daha çox detallarda olub. Çünki detallar bir çox hallarda  dövlətin prinsipial mövqeyinə ya xələl gətirə, ya da üst-üstə düşə bilər. Burada detallar delimitasiya və demarkasiya məsələsində də ola bilər. Məsələn tərəflər delimitasiyaya razıdır, amma, hansı xəritəyə əsaslanacaqları sual altındadır. 1991-ci il xəritəsi olarsa, bu o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda Sovet dönəmindəki anklavlar da geri verilməlidir”.

Politoloqun fikrincə, Moskva görüşünün ən müsbət əhəmiyyəti ondan ibarətdir ki, bir həftədən sonra baş nazirlərin müavinləri səviyyəsində növbəti görüş baş tutacaq:

“Həmin komissiya 2021-ci il yanvarın 11-də Moskvada yaranmışdır. Bunun əsas məqsədi isə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı iş görmək, təkliflər irəli sürmək və birgə layihələr hazırlamaq idi. Lakin bu komissiyanın fəaliyyətinin ciddi nəticələrini hələ ki, görməmişik. Amma ümid edirik ki, planlaşdırılan görüşlərdən sonra daha ciddi nəticələr əldə ediləcək”.

S.Zahidov qeyd edir ki, Azərbaycandan Naxçıvana keçəcək dəmiryolu xəttinin tikintisi ilə bağlı da ciddi elanlar verilə bilər:

“ Dəmiryolu və avtomobil nəqliyyatının açılması sülh prosesində ən böyük addımlardan biri kimi qiymətləndirilməlidir. Çünki nəqliyyat-kommunikasiya xətlərinin açılması iki ölkə arasında inteqrasiyanı sürətləndirəcək aspektlərdəndir. İnteqrasiya olduqdan sonra sülh müqaviləsi imzalanmasa belə iki ölkə arasında dayanıqlı sülhün təmin olunması daha real olacaq. Çünki əgər sülh müqaviləsi imzalandığı halda tərəflər arasında iqtisadi və ticari əməkdaşlıq yoxdursa, kommunikasiya bərpa olunmayıbsa bu sadəcə kağız üzərində qalacaq. Buna görə də inteqrasiya olduqca vacibdir”.

Politoloq qeyd edir ki, görüşdə geosiyasi mövzularda da müzakirələr aparılıb:

“Xüsusən də Zəngəzur dəhlizi məsələsi ortaya atıldı. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat xətlərinin aparıcı bəndinə çevrilə bilər. Lakin biz Ermənistanın bu məsələ ilə bağlı müsbət mövqedə olmadığını görürük. Həmin dəhlizi öz ərazisinə qəsd olaraq görür. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı ciddi irəliləyiş əldə edilməyib. Amma belə bir dəhliz açılmasa belə iki ölkə arasında sərhədlərin açılması, diplomatik münasibətlər və kommunikasiya xətlərinin qurulması özü də regional inkişafa müsbət təsir göstərəcəkdir. Bu, Azərbaycan və Ermənistan üçün də böyük imkanlar vəd edir. Artıq rəsmi Bakı Naxçıvanla nəqliyyat və kommunikasiyanı təmin etmiş olacaq. Belə ki, bu, Naxçıvanın iqtisadi inkişafı üçün böyük töhfə verəcək, həm də Azərbaycanın İrandan asılılığını xeyli dərəcədə azaltmış olacaq. Eyni zamanda Türk Dünyası daxilindəki inteqrasiyanı da sürətləndirəcək.

//Safura Bənnayeva, Editor.az