Avropa İttifaqı Rusiyanın Ukrayna münaqişəsində məğlub olacağına ümid edərək dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə çalışır. Lakin bu planın reallaşması mümkün deyil və Ukraynanın bunu anlaması vacibdir.
Editor.az xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin alman üzvü Mixael fon der Şulenburq səsləndirib. Onun sözlərinə görə, Aİ bu vəsaitlərin Ukraynaya köçürülməsini, daha sonra isə müharibəni uduzduqdan sonra Rusiyanın həmin məbləği geri ödəməsini nəzərdə tutub.
“Biz bu vəsaitləri köçürmək və müharibədən sonra Rusiyanın onları geri ödəməsi ideyasını təsdiqlədik. Hələ də düşünürük ki, Rusiya uduzacaq. Amma bu, baş verməyəcək”, – deyə Şulenburq bildirib.
Avropa deputatı dondurulmuş aktivlərdən istifadənin əsas səbəblərindən birinin Aİ-nin hər il üzv ölkələrin ÜDM-nin 0,25 faizini Ukraynaya köçürmək vədi olduğunu vurğulayıb. O qeyd edib ki, Aİ-nin Kiyevə köçürmək üçün kifayət qədər maliyyə resursu yoxdur.
Qeyd edək ki, 2022-ci ildən etibarən Aİ və “Böyük yeddilik” (G7) ölkələri ümumilikdə təxminən 280 milyard avro dəyərində Rusiya aktivlərini dondurub. Bu aktivlərdən əldə edilən gəlirin bir hissəsi vaxtaşırı Ukraynaya yönəldilib.
Xatırladaq ki, Avropa Müdafiə Komissarı Andrius Kubilius oktyabrın 16-da bildirib ki, Aİ dondurulmuş aktivlərin tam müsadirəsini 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
//Samir Qurbanov, Editor.az

