“Bu, böyük dövlətin cılız siyasətidir”-İranın səfəri niyə təxirə salındı?-AÇIQLAMAbackend

“Bu, böyük dövlətin cılız siyasətidir”-İranın səfəri niyə təxirə salındı?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran parlament sədrinin Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması ondan xəbər verir ki, İran hələ də özünün antiAzərbaycan siyasətini yürütməkdə davam edir. Son zamanlarda baş verən proseslər də bunu deməyə əsas verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində ərazilərimizi işğaldan azad etdikdən sonra məlum oldu ki, həmin ərazilər işğal altında olduğu dövrlərdə Azərbaycana aid olan yeraltı-yerüstü sərvətlərin, infrastrukturun hətta islam ölkəsi olan İran üçün də müqəddəs sayılan məscidlərin, qəbirstanlıqların dağıdılmasında ermənilərlə yanaşı iranlı şirkətlər də iştirak edib:

“Bu aşkar edildikdən sonra Azərbaycan tərəfinin məsələdə rəsmi mövqeyi bəyan edildi. İşğaldan azad olunan ərazilərə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva intensiv şəkildə səfərlər həyata keçirir. Xüsusən də Füzuli və Cəbrayıl səfərində Xudafərin körpüsünü Azərbaycanla İran arasında dostluq körpüsü adlandırmasına baxmayaraq İranın göstərdiyi fəaliyyət onun əsl üzünü önə çıxartdı. İran tək Azərbaycana deyil, eyni zamanda, bütün müsəlmanlığın qəbul etdiyi qərarlara xəyanət edib. Haqlı olaraq Azərbaycan tərəfi layiqli cavab verərkən İran rejiminin xoşuna getməyəcək”.

Xəyal Bəşirov qeyd edir ki, Gorus-Qafan yolunun Azərbaycan nəzarətində olduğu dövrlərdə burada İran maşınlarının qanunsuz yük daşıması ilə bağlı Azərbaycan rəsmi reaksiya verib:

“İranın daxilində baş verən aksiyalar hazırkı rejimin səmərəli olmadığını göstərir. Azərbaycanla sərhəddə təlimlər keçirlər. Bu təlimlərdə orta əsrlərə aid olan silahlardan istifadə edilir. Bu bir daha İranın hərbi gücsüzlüyündən xəbər verir. Bu, böyük dövlətin cılız siyasətidir.İran antiAzərbaycan siyasəti yeritdiyi halda Azərbaycana səfər planlaşdırırdı. Amma bu ölkəmizin maraqlarına da uyğun deyildi. Nəticədə məlum olur ki, İran səfəri təxirə salır. İran Azərbaycanın maraqlarına zidd fəaliyyət gördükdən sonra ölkəmizə səfəri olmasa daha yaxşıdır. Hətta bu səfərə Azərbaycan tərəfinin də etirazı ola bilər. Çünki dövlətlər arasında münasibətlər normal olduğu halda belə tədbirlər düzgün qiymətləndirilə bilər. Azərbaycana qarşı  geniş miqyaslı cinayətlərin törədilməsi ilə bağlı tədbirlər də görülür. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti də məlumat yayıb. Bu addımlar dövlətlərarası krizlərin yaranmasına səbəb ola bilər. Səfərin təxirə salınmasında səbəb Azərbaycan maraqlarına zidd olması  olarsa, İranın  Ermənistana səfəri rellaşdıra bilər”.

//Safura Bənnayeva, Editor.az