Bu cür qətnamələr Azərbaycanın şanlı qələbəsinin həzm edilməməsinin göstəricisidir -Jalə Əliyevabackend

Bu cür qətnamələr Azərbaycanın şanlı qələbəsinin həzm edilməməsinin göstəricisidir -Jalə Əliyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Niderland parlamentinin  çox ədalətsiz qətnaməsi beynəlxalq prinsiplərə və hüquqa tamamilə ziddir və Fransa parlamentinin bundan bir neçə həftə əvvəl atdığı addımın davamı kimi qiymətləndirilməlidir’’.

Bu sözləri Editor.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Deputat qeyd edib ki, bu cür qərarlar Azərbaycanın 44 günlük şanlı müharibədən sonra əldə etdiyi  böyük qələbənin həzm edilə bilməməsi, həmin ölkələrdə ermənipərəstliyin bərqərar olmasına işarədir. Eyni zamanda, Azərbaycan dövlətinin dünya miqyasında  güclənməsindən yaranan təşvişdir.

‘’Zəfər paradı zamanı həm Azərbaycan prezidenti cənab İlham Əliyevin, həm də Türkiyə prezidenti cənab Rəccəb Tayyib Ərdoğanın çıxışlarında verilən açıq mesajlardan da bəlli olduğu kimi bundan sonra bölgədə yeni inkişaf gedəcək və  yeni iqtisadi təməllər qurulacaq. Bölgənin əhəmiyyətli ölkələri olan Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstan münasibətləri, bu 5 ölkənin eyni platformada birləşməsi, irəliyə istiqamətlənmiş iqtisadi layihələrə imza atması bölgənin daha da güclənməsi deməkdir. Bu məsələlərdən təşvişə düşən tərəflər vardır. Dəfələrlə deyildiyi kimi, Azərbaycan-Türkiyə  bu platformaya digər ölkələri,  elə Ermənistanın özünü də dəvət edir. Əgər ölkələri və xalqlarının gələcəyini düşünürlərsə, biz hər zaman onları da bu iqtisadi platformaya qəbul etməyə hazırıq’’.

Jalə Əliyeva əlavə edib ki, bizə qarşı illərlə qərəzli münasibətlər göstərilsə də,  ədalətsiz qərarlar verilsə də, Azərbaycan heçbir zaman heçbir ölkəyə qarşı qərəz nümayiş etdirməyib.

‘’Nəzərə alınmalıdır ki,  Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Dağlıq Qarabağ probleminin bir mənalı həllini tapmasından sonra əlbəttə ki,  Azərbaycan böyük bir söz sahibinə çevrildi. Bunun qarşısında da narahat olan bəzi ölkələrin  parlament üzvləri təşvişə düşərək bu cür addımlar atırlar. Daha əvvəl Azərbaycana qarşı atılmış qərəzli addımlar kimi bunlar da məğlubiyyətə uğrayacaqdır və dünya birliyi Azərbaycanın haqlı qələbəsini dəstəkləyəcəkdir’’.

Gülnarə Abasova, Editor.az