“Keçən əsrin əvvəllərində Birinci Dünya Savaşının nəticəsində Osmanlı dövlətinin dağılması və Yaxın Şərq xalqlarının imperial dövlətlərin mandatlığına keçməsi, təəssüf ki, bu coğrafiyada heç bitməyən qanlı müharibələrlə, iğtişaşlarla müşayiət olundu. Dini və milli fərqliliklər bu zəngin coğrafiyanı istismar etmək, sümürmək üçün imperial dövlətlərin və dövlətlər xaricindəki qaranlıq aktorların əlində bir vasitəyə çevrildi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
O bildirib ki, bu ilin 7 oktyabrında “İzzəd-din əl Kassam” briqadası döyüşçülərinin İsrailin müxtəlif şəhərlərinə qəfil raket zərbələri savaş bosslarının əlinə çoxdan gözlədikləri bəhanəni vermiş oldu:
“Beləliklə,əslində siyasi hərəkat olan “HAMAS” ın da dünya nəznində,Qərbin təbliat maşını tərəfindən terror təşkilatı olaraq təqdim edildi. İslam dövlətləri arasında həmrəyliyin olmaması, qaranlıq dairələr tərəfindən yaradıldığı heç kimsədə şübhə doğurmayan “Hizbullah”, “İŞİD” kimi terror təşkilatlarının fəaliyyəti də məsələni mürəkkəbləşdirən əsas amillərdəndir. ABŞ başda olmaqla, Qərb liderlərinin, insan faktorunu heçə sayan bəyanatlarından da görünür ki, bu savaş daha uzun sürəcək və daha geniş coğrafiyaları əhatə edəcək. İsrail quru qoşunlarının Qəzza sektoruna daxil olması savaşın Livan, Suriya və İraq dövlətlərinin ərazilərinə sıçraması ilə nəticələnəcək ki, bu da İranın müharibəyə cəlb olunması deməkdir. Yaxın Şərqdə başlayacaq bir savaş Rusiya-Ukrayna müharibəsinin sərhədlərinin genişləndirə, eləcə də Çin-Tayvan, Hindistan-Pakistan gərginliklərini hərbi müstəviyə keçirə bilər”.
//Gülnarə Abasova, Editor.az

