“Bu dar gündə Ermənistana fürsət tanımaq olmaz”-Deputatdan AÇIQLAMA  backend

“Bu dar gündə Ermənistana fürsət tanımaq olmaz”-Deputatdan AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarixə nəzər salsaq görərik ki, ermənilər nə azərbaycanlılara, nə də ümumiyyətlə türklərə qarşı səmimi olmayıblar. Bu səbəbdən də Türkiyədə baş vermiş təbii fəlakət zamanı Ermənistanın oraya yardım və xilasedici heyət göndərməsi birmənalı qarşılanmayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, ermənilərin səmimiyyətinə, hansısa təxribat törədib-törətməyəcəyinə heç kim zəmanət verə bilmir:

“Ermənistan mediasında yayılmış bir çox müsahibələr insanları hiddətləndirirdi. Təəssüf ki, faşist və radikal ermənilər Türkiyəyə zəhərlənmiş qida məhsullarının göndərilməsini təklif edir və kinayə ilə yanaşırdılar. Xüsusilə də ermənilərin havadarı olan Fransada  karikaturanın dərc edilməsi də bu münasibəti müəyyən dərəcədə sarsdı. Beynəlxalq hüquq çərçivəsində Ermənistanın Türkiyəyə yardım məqsədilə çıxış etməsi düşünürəm ki, normal qarşılanmalıdır. Çünki gec-tez Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində normallaşmanın şahidi olacağıq. Qonşu ölkələr olduğumuz üçün münasibətlərin tarazlaşmasının tərəfdarıyıq. Lakin ehtiyatı əldən vermək də olmaz. Bütün atılan addımlar yoxlanılmalıdır. Mümkün təxribatların qarşısı alınmalıdır. Ermənilərə bu dar gündə fürsət vermək olmaz”.

Deputat qeyd edir ki, Azərbaycan və Türkiyə qardaşlığı dəfələrlə tarixin sınağından çıxıb:

“Baş vermiş təbii fəlakət zamanı da bütün dünya Azərbaycanın Türkiyənin yanında olduğunu gördü. Göndərilmiş xilasedicilərin sayı, yardımın miqdarına, səmimiliyinə görə ölkəmiz ilk sıralardadır. Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən yardım kampaniyasına start verildi. Hər gün tonlarla yardım Türkiyəyə göndərilir. Bununla yanaşı, bütün Azərbaycan vətəndaşları türk qardaşlarına öz dəstəyini nümayiş etdirdi. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz”.

//Safura Bənnayeva, Editor.az