“Azərbaycan dəfələrlə rəsmi səviyyədə bəyan edib ki, ərazilərində qanunsuz silahlı birləşmələrin qalması mümkünsüzdür. Bu, Azərbaycan üçün qəbuledilməzdir. Belə ki, nəzarətimizdən kənar olan boz zonalarda hakimiyyətin bərpası üçün ciddi addımlar atılacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Qarabağ ərazisində separatçı qurum tamamilə ləğv edilməlidir:
“Əgər Ermənistanda Azərbaycan tərəfindən verilən bəyanatlar ciddiyə alınmırsa, o halda bu silahlıların təmizlənməsi üçün antiterror əməliyyatları keçirə bilər. Ancaq bu əməliyyatları müharibə adlandırmaq doğru deyil. Müharibə iki dövlət arasında baş verən genişmiqyaslı döyüş əməliyyatlarıdır. Sadəcə öz ərazilərimizdə qeyri-qanuni silahlıları təmizləmək üçün əməliyyatlar həyata keçirdəcəyik və bu istiqamətdə bizim çox ciddi təcrübəmiz var. Daha əvvəl Azərbaycan 12 dəfə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə müxtəlif miqyaslı əməliyyatlar keçirdib. İndi isə növbəti əməliyyatın keçirilməsi üçün əlimizdə kifayət qədər ciddi faktlar var”.
Ə. Verdiyin sözlərinə görə, Ağdam-Xankəndi yolunun Azərbaycan üçün bağlı qalması da qətiyyən qəbuledilən hal deyil:
“5-10 nəfər erməni toplaşıb Azərbaycan Ordusunun Xankəndinə yardım çatdırması, Azərbaycan vətəndaşlarının öz tarixi torpaqlarına girməsinə mane yaratması faktı birmənalı olaraq aradan qaldırılmalıdır. Daha əvvəl də qəbul edilən BMT TŞ-nin 4 qətnaməsi erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılmasını vacib hesab edir. Və bu, Ermənistandan tələb edilib. Lakin 30 il ərzində bu qətnamələrin böyük bir hissəsi Azərbaycan tərəfindən yerinə yetirilsə də erməni silahlıları hələ də ərazilərimizdən çıxarılmayıb. Odur ki, biz erməni terrorçularının Qarabağdan təmizlənməsi əməliyyatını birmənalı olaraq BMT TŞ-nin qərarları ilə icra etməliyik ki, bizə qarşı olan qüvvələrin deməyə sözü qalmasın”.
//Gülnarə Abasova, Editor.az