“Bu gün Ermənistan siyasi dairələri ilə Qarabağdakı separatçılar mütəşəkkil şəkildə Azərbaycana qarşı provakasiyalar hazırlayırlar. Ermənistandan yük adı altında siyasi şou xarakteri daşıyan addımların atılmağı və uzun yük konvoyunun Laçın yoluna doğru hərəkət etdirilməsi bu gün Azərbaycanın təklif etdiyi Ağdam yolundan imtina edilməsi Ermənistanın və separatçıların əsl çirkin niyyətlərini növbəti dəfə ortaya qoymuş olur”.
Bu fikirləri Editor.az-a siyasi şərhçi Tural İsmayılov Ermənistanın erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq niyyəti ilə “dinc yürüş” adı ilə təxribatlara əl atmaq məqsədlərini şərh edərkən deyib.

T. İsmayılovun sözlərinə görə, baş verən hadisələr onu göstərir ki, nə Ermənistanın, nə də onun havadarlarının real sülh və ölkələrarası münasibətlərin yaxşılaşdırılması kimi bir niyyətləri yoxdur:
“Əslində problem təkcə humanitar məqsədli olsaydı və həqiqətən Qarabağ erməniləri siyasi elitasında təmsil olunanların vecinə olsaydı Azərbaycan tərəfindən təklif edilən Ağdam marşrutu ən ideal yoldur. Bundan imtina edilməsi onu göstərir ki, bu gün Qarabağda yaşayan ermənilər elə birinci növbədə Ermənistanın özü tərəfindən siyasi alver predmentinə çevrilib. Bu, əslində Ermənistanın erməni əsilli insanlara məkrli davranışının və Qarabağ ermənilərinə qarşı tarix boyu davam edən ayrı-seçkili baxışlarının növbəti göstəricisidir. Azərbaycan ayıq-sayıqdır. Bu tip təxribatları ölkəmiz əvvəlcədən proqnozlaşdıra bilir və hesab edirəm ki, növbəti dəfə hansısa “aksiyalar”ın təşkil edilməsi Azərbaycanın siyasi iradəsinə təsir göstərə bilməz və təəssüflər olsun ki, Ermənistan və havadarları da bu reallığı dərk edə bilmirlər”.
//Gülnarə Abasova, Editor.az

