Bu fakt İsrailin İran cavab zərbəsi endirməsinə mane olur- ŞƏRHbackend

Bu fakt İsrailin İran cavab zərbəsi endirməsinə mane olur- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər İsrailin İrana cavab zərbəsi endirməsi məsələsinə diqqətlə yanaşdıqda Amerika Birləşmiş Ştatlarının bunun əleyhinə olması dəfələrlə Netanyahuya bildirilib. Amma İsrail hökuməti ABŞ-nin təkcə İranla bağlı deyil, ümumiyyətlə Yaxın Şərqdə gedən müharibə ilə bağlı bütün təkidlərini qulaq ardına vurub və öz istəyini həyata keçirib. Məhz İsrailin özbaşınalığına görə də Bayden administrasiyası bu bir il müddətində Təl-Əvivi cəzalandırmağa qalxıb. Silah satışına embarqo qoyub, müəyyən məsələlərdə ona yardımı kəsib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, son cəzalandırma aksiyası İranın İsrailə qarşı son raket hücumudur:

“İran raketləri İsrail müdafiə sistemini deşib onun hərbi obyektlərinə ciddi zərbə vura bildilər. Mütəxəssislər İsrailin havadan müdafiə qüvvələrinin bu qədər zəif olmasını məhz ABŞ və koalisiya qüvvələrinin lazım olan səviyyədə yardım etməməsi ilə əlaqələndirdilər. Məhz Amerikanın mövqeyinin getdikcə sərtləşməsi İsrailin İrana cavab zərbəsi endirməsinə mane olan əsas faktordur. Çünki ABŞ-nin tələbindən bu dəfə də kənara çıxmaq İsrailə daha ağır başa gələcəyini Netanyahu yaxşı bilir. Düşünürəm ki, İsrailin cavab zərbəsini gecikdirməsi hədəfin müəyyən olunmasından daha çox Vaşingtonla razılıq əldə olunmamasından doğur. Fikrimcə, ABŞ-dəki noyabr seçkilərinə qədər Ağ ev İsrailin hər hansı cavab zərbəsinin əleyhinədir. Seçkilərin tarixi yaxınlaşdıqca İsrailin İrana zərbəsinin vaxtı uzaqlaşır. Seçkilərdən sonra üçün isə hələ dəqiq bir proqnoz vermək mümkün deyil. Çünki kimin prezident olacağını hələ dəqiq proqnozlaşdırmaq olmur”.

//Gülnarə Abasova, Editor.az