“Rusiya keçmiş SSRİ-nin son dönəmlərində özlərinin yaratdığı münaqişə ocaqlarının(Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı ) problemlərin məngənəsində sıxılırkən yanlış siyasət nəticəsində özünə yeni problemlər yaratdı. Donbas bölgəsində “LNR” və “DNR” olmaqla iki oyuncaq dövlət yaratdı. Üstəlik sivil və demokratik dünyada heç kimin tanımadığı bir referendumla Krımı ilhaq etdi. Bütün bunlar ilk baxışda Rusiyanı güclü və qalib dövlət kimi göstərsə də, hadisələrin sonrakı inkişafı göstərdi ki, əslində Donbasa müdaxilə, Krımı ilhaq etmək yanlış siyasət olmaqla yanaşı,həmdə dövləti dalana soxmaqla, beynəlxalq sanksiyaların hədəfinə gətirməklə, RF- nı etibarsızlaşdırmaqla nəticələndi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O bildirib ki, bu tip münaqişələrin həllində beynəlxalq hüquqa görə haqlı tərəflər, böyük ehtimalla bundan sonra “Azərbaycan variantına” üstünlük verəcəklər:
” Çünki çağdaş tariximizdə məhz yalnız Azərbaycan dövləti hərbi-siyasi yolla torpaqlarını işğaldan azad etdi. Digərləri bunu bacaracaqlarmı, bunu zaman göstərəcək. Rusiya nəinki Donbasda separatçıları dəstəkləyir, o bölgədə Rusiya Müdafiə Nazirliyinin çoxminli ordusunun olduğu, modern hərbi texnikaların cəmləşdirdiyi, hətta Vagner qrupunun xüsusi təyinatlılarının olması da heç kimə sirr deyil. Son günlər rəsmi və qeyri-rəsmi mənbələrdən gələn məlumatlara görə həm Rusiya, həm də Ukrayna məlum bölgəyə yenidən çoxsaylı canlı qüvvə və modern hərbi texnika cəmləşdirirlər. Görünüşdə bu, fəlakətli bir müharibənin ayaq səsləridir. Bu gün Ukrayna müdafiə naziri Andrey Taranın istefa verməsi də Rusiya və Ukraniya arasında böyük bir toqquşmanın olacağına əsas verir. Donbass bölgəsində başlayacaq bir savaş, sözsüz ki, lokal xarakter daşımayacaq. Başlayacaq müharibə hökmən Krımı və Qara dənizin geniş bir ərazisini də əhatə edəcək. Bu savaşın taleyi Ukraynanı müharibəyə həvəsləndirən Qərb dövlətlərinin mövqeyindən asılı olacaq. Başda NATO olmaqla, Qərb dövlətləri güclü Rusiya qarşısında Ukraynanı müdafiə edəcəklərmi ? Edəcəklərsə nə qədər ? Bütün bunları zaman göstərəcək… Çünki heç bir müharibədə kimin qalib gələcəyini əvvəlcədən söyləmək mümkün deyil”.
//Gülnarə Abasova, Editor.az

