Bu fikirlər hamilik edənləri silkələyəcək – Ülvi Quliyevbackend

Bu fikirlər hamilik edənləri silkələyəcək – Ülvi Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 30 ildə arzu və ümidlərlə yaşasaq da, bəzən pessimizmə də qapılırdıq. Çünki görürdük ki, ağa-ağ, qaraya-qara demək gücündə olanlar bu dünyada düşündüyümüzdən qat-qat azdır. Görürdük ki, guya ərazi bütövlüyünün toxunulmazlığı prinsipini uca tutduqlarını bəyan edənlərdən bəziləri, əslində, niyyətlərində səmimi deyillər. Onun da şahidi olduq ki, BMT kimi mötəbər beynəlxalq təşkilatın dörd məlum qətnaməsinə imza atanlar Ermənistandan işğal siyasətinə dərhal, tam və qeyd-şərtsiz son qoymasını tələb etməli olduqları halda, bunu etmədilər, yalnız görüntü yaratdılar. BMT Baş Assambleyası 2008-ci ildə 62/243 saylı qətnaməni qəbul etsə də, Ermənistan ona da məhəl qoymadı, Qarabağda qanunsuz məskunlaşdırmanı həyata keçirdi. Bunun qarşısını almağa mükəlləf olan böyük güclər özlərini elə aparırdılar ki, guya ermənilərin bu cinayətini də görmürlər. Əslində isə görürdülər, amma özlərini görməzliyə vurmuşdular. Öz qətnamələrinin icrasına işğalçını məcbur edə bilməyən və ya etmək istəməyən böyük güclər, sanki onu da görmürdülər ki, Ermənistan ondan-bundan aldığı, dəyəri milyonlarla ölçülən vəsaiti Azərbaycan ərazisi olan Qarabağda 6-7 eşalondan ibarət mühəndis-istehkam qurğularını quraşdırmağa yönəldir. Bunun üçün işğalçıya maliyyə vəsaiti ayıranlar da, münaqişənin guya qansız-qadasız, danışıqlar masasında həllinə çalışdığı görüntüsünü yaradanlar da eyni ünvanlar idi. Bu ünvanları təmsil edən faktaraşdırıcı missiyalar 30 il ərzində onu da görmədilər və ya görmək istəmədilər ki, ermənilər birinci müharibədən sonra Qarabağı viran qoyur, azərbaycanlıların bu torpaqlardakı tarixi və mədəni irsini qəsdən məhv edir, məscidlərimizi bilərəkdən təhqir edir və sözün əsl mənasında, göreşənliklə məşğul olur. İndi həmin ünvanlar özləri fakt qarşısında qalıb Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma yenə də riyakarlıq edirlər, həqiqətləri sonadək demirlər. Məgər ermənilərin yer üzündən sildikləri təkcə Ağdam olub? 30 il ərzində onlar işğal altında saxladıqları bütün yaşayış məskənlərimizin böyük əksəriyyətini bu günə salıblar. Bunun bir adı var: vəhşilik və mədəni sivilizasiyaya, insanlığa qarşı hərbi cinayət. Özünü dünyanın ən qədim və ən mədəni milləti adlandıran erməni toplumunun bu mifinə inananlar və ya ona aldananlar, nəhayət, özlərində güc tapıb vəhşini öz adı ilə çağırmalı, ünvanını açıq şəkildə dilə gətirməlidirlər. Etiraf etməlidirlər ki, bu cür vəhşilik, belə vandallıq sivil insan təfəkkürünə, sağlam topluma xas ola bilməz. Buna yalnız qədim dövrlərin vəhşi qəbilələri qadir olublar. Böyük güclərin bütün bunlara göz yummasının nəticəsidir ki, vəhşi qəbilə təfəkkürü gəlib bugünümüzə çatıb. Azərbaycan xalqı niyə və necə bəraət verə bilər ki, hətta müharibə günlərində Ermənistanın pulsuz-parasız silahlandırılmasının şahidi olub və bu gün də şahididir. Özü də bunu o dairələr edib və edir ki, guya vaxtilə münaqişəni danışıqlar masasında həll etmək istəyirlərmiş. Bu haqsızlığı edənlər həm də o ölkələrdir ki, müharibə günlərində ölkəmizi Dağlıq Qarabağı işğal etməkdə suçlayırdı və sonra da BMT-də əleyhimizə qətnamənin qəbul olunmasına təşəbbüs göstərirdi. Bütün bunlardan sonra fikirləşməyə bilmirsən ki, siyasi maraqları bir-biri ilə kəskin şəkildə toqquşan böyük güclər üçün işğalçı Ermənistan niyə bu qədər sevimli və əvəzolunmazdır? Niyə Minsk qrupunun həmsədrlik institutunda təmsil olunan üç ölkənin üçü də 106 il əvvəl guya baş vermiş uydurma erməni soyqırımını tanıdıqları halda, cəmi 29 il əvvəl ermənilər tərəfindən törədilmiş və dəfələrlə ermənilərin özləri tərəfindən etiraf olunmuş Xocalı soyqırımını tanımırlar? Niyə Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına müqavimət göstərilirdi? Niyə hətta indi də Ermənistanı silahlandırır və bəyan edirlər ki, bu, onların suveren hüququdur. Bu cür erməni təəssübkeşliyinin yeganə səbəbi islamofobiya və türkofobiyadırsa, deməli, dünya bəyan etdiyi bəşəri dəyərlərdən çox uzaqlaşıb, beynəlxalq hüquq və tarixi ədalət böyük güclərin siyasi maraqlarının kölgəsində qalmaqda davam edir…

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib: “Şahidi olduğumuz bu cür ayrıseçkiliyə və haqsızlığa baxmayaraq, şəhidlərimizin və qazilərimizin həyatı-qanı bahasına, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti hesabına, xalqımızın tarixi birliyi və əzmi sayəsində tarixi ədalət bərpa edildi. Bilmirəm, indi söyləyəcəyim fikirlə razılaşmayanlar olacaq ya yox, amma yenə də əminəm ki, düşmənin belini məhz savaş meydanında sındırmasaydıq, şəhidlərimizin qisasını üzbəüz döyüşdə almasaydıq və bütün dünyaya xalqımızın döyüşkən ruhunu göstərməsəydik, bu tarixi qələbəmiz indiki qədər milli ruhumuzu oxşamazdı! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin.”

Ü.Quliyev qeyd edib ki, Qarabağ 30 ildən sonra öz doğma övladlarının qanı ilə paklaşdıqdan sonra azadlığına qovuşdu. Bu gün şəhidlərimizin ruhları şaddır. Çünki azad etdikləri Füzulidə Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı açılır, artıq Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun çəkilişi də tamamlanır. 39 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada ucaldılmış və 29 il əvvəl erməni vandalları tərəfindən dağıdılıb-sökülən Molla Pənah Vaqifin məqbərəsi məhz Heydər Əliyev Fondu tərəfindən bu gün bərpa olunub, böyük şairimizin büstü ucaldılıb. Prezident İlham Əliyevin Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi elan etdiyi Şuşada Üzeyir bəy Hacıbəylinin abidəsi qoyulub, Bülbülün ev-muzeyi yenidən bərpa olunub. Erməni vandalları tərəfindən yararsız hala salınan “Qarabağ” hoteli də ən yüksək standartlara uyğun şəkildə bərpa edilərək istifadəyə verilib. Verilib ki, Şuşaya səfər edən hər kəs, o cümlədən xarici qonaqlar da Şuşa qalasına açılan mənzərənin möhtəşəmliyini və ən başlıcası, Vətən torpağına yiyəlik münasibətini görə bilsinlər…

Düz 39 il əvvəl, 29 iyul-3 avqust tarixlərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Vaqif Poeziya Günləri təşkil olunmuşdu. 29 ildən sonra azadlığına qovuşan Şuşada Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən Vaqif Poeziya Günləri keçirilir. Bütün bunlar bu illər ərzində siyasi riyakarlıq edənlər, ilk növbədə, Ermənistan və onun hamiləri üçün o deməkdir ki, Şuşanın, Qarabağın və Şərqi Zəngəzurun əsl sahibləri tarixi torpaqlarına birdəfəlik, əbədi qayıdıblar. Bəlkə bu miqyasda həyata keçirilən bərpa-quruculuq işlərini gördükdən sonra anlayalar ki, torpağa yadelli münasibətlə doğma münasibətin fərqi nədədir. Anlasalar da-anlamasalar da, aşağıdan Şuşaya boylananlar fərqi artıq bilirlər, görürlər və bundan sonra da görəcəklər. Zərrə qədər şübhə etmirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağa hər səfərini və Prezidentimizin hər çıxışını Ermənistan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyəti də hərisliklə izləyir. Ona da əminəm ki, Prezidentimizin Molla Pənah Vaqifin məqbərəsi önündə səsləndirdiyi bu fikirlər Ermənistan hakimiyyətini və ona açıq-gizlin şəkildə hamilik edənləri növbəti dəfə silkələyəcək: “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

Ermənistan hakimiyyəti qalsın bir tərəfdə, amma erməni cəmiyyəti bu həqiqəti bilməlidir: müstəqil Azərbaycanın yeni nəfəsi və tarixi ədalət hissi ona görə bu qədər güclüdür ki, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini hətta sovet ideologiyasının hökmranlığı dövründə ucaltmağa qadir olan Böyük Heydər Əliyevin Prezident İlham Əliyev kimi iradəli və qətiyyətli davamçısı var və artıq o, müstəqil Azərbaycan dövlətinin, məğlubedilməz Azərbaycan xalqının müzəffər simvoluna çevrilib. Ermənistan buna da şəkk etməməlidir ki, Azərbaycanda Xalq və Prezident birliyinin təcəssümü olan Ali Baş Komandanımızın o dəmir yumruğu indi daha güclüdür. Çünki bu yumruqda rəhbər qətiyyəti və sərkərdə bacarığı ilə ümumxalq etimadı birləşir. Ona görə də nə qədər gec deyil, daşı ətəklərindən töküb onlara sevimli bacı deyənlərin, qılınc bağışlayanların, uydurduqları soyqırımı tanıyanların siyasi oyunlarında alətə çevrilməkdənsə, Azərbaycan Prezidentinin sülhə və dinc birgəyaşayışa çağırışına əməl etmələri həm özlərinə, həm də bölgəyə faydalı olar, hamiləri isə Ermənistan kimi mənasız alətə görə gərəksiz vaxt və maliyyə itkisindən canını qurtarar.

Loading...