“Ermənistan- Rusiya münasibətlərinin gərginləşməsi son 30 ildə dəfələrlə müşahidə olunub. Rusiya Ermənistanda və Ermənistan üzərindən Cənubi Qafqazda öz hərbi-siyasi, eləcə də iqtisadi maraqlarını sürdürmək üçün ondan bir forpost ölkə olaraq istifadə edib. Ermənistan prezidenti Levon Ter-Petrosyanın devrilməsi, 1999-cu ildə parlament sədrinin və baş nazirin qətlə yetirilməsi ilə nəticələnən parlamentin güllələnməsi, 2008-ci ildə xeyli insanın ölümü ilə müşayət olunan mart hadisələri bu qəbildən olan hadisələrdəndir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloqun sözlərinə görə, son gərginliklərin, Qarabağda 44 günlük savaşdan və 1 günlük antiterror əməliyyatından sonra yaranmış yeni geopolitik konfiqurasiya fonunda baş verməsi göstərir ki, bu gərginlik daha irəli frazaya keçəcək və Rusiyanın müəyyən demarşları ilə müşayiət olunacaq:
“Hazırkı durumda aydın görünən odur ki, Ermənistanın mövcud hərbi-siyasi elitası Rusiyanı Fransaya dəyişməkdə qərarlıdırlar. Son zamanlar Ermənistan rəhbərliyinin hərbi ritorikaya daha çox üstünlük vermələri onların Fransa tərəfindən istiqamətləndirildiyini və həvəsləndirildiyini göstərir. Qafqaz regionunun çox həssas bir coğrafiyada yerləşdiyi və dünyanın beş strateji bölgəsindən biri olduğu bilinən bir məsələdir.
Bu bölgədə balanslaşdırılmış siyasətin alternativi müharibədir. Ermənistan rəhbərliyi bunu anlamalı və regiondan kənar dövlətlərin maraqları naminə bu həssas bölgəni alovlandırmamalıdır”.
//Gülnarə Abasova, Editor.az

